Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir E.İsmayılov/
İranın "Cənub enerji dəhlizi" layihəsində iştirakı yalnız ölkədə siyasi vəziyyətin sabitləşməsindən sonra mümkündür. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia cümə axşamı mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda İranın ona qarşı tətbiq edilən sanksiyalar üzündən "Cənub enerji dəhlizi"nə, o cümlədən "Nabukko"ya qoşulmaq imkanları yoxdur.
"Əlbəttə ki, İran böyük qaz ehtiyatlarına malikdir. İranda siyasi vəziyyətin sabitləşməsindən sonra ölkə öz iqtisadiyyatını məhz bu yolla inkişaf etdirmək istəyəcək. Əlbəttə ki, alıcı ölkələr bu qazın alışına maraq göstərəcəklər, lakin bunun üçün siyasi vəziyyət sabitləşməlidir", - Kobia deyib.
Onun sözlərinə görə, Avropada hasilatın səviyyəsinin azalması ilə yanaşı, qaz alışı proqnozları artacaq və ona görə də Aİ-də idxal qazına tələbat da artacaq. Azərbaycana da qaz mənbələrindən biri kimi baxılır.
Azərbaycan ilə Aİ arasındakı münasibətlərin inkişafında Aİ-nin qəbul etdiyi "Enerji infrastrukturlarının prioritetləri 2020" konsepsiya paketi böyük önəm kəsb edir. O, Aİ-nin enerji təhlükəsizliyinin təmin olunması məqsədilə mühüm enerji dəhlizlərinin yaradılmasını nəzərdə tutur. "Cənub dəhlizi"nə bu prioritet enerji dəhlizlərindən biri kimi baxılır və o, Avropaya idxal olunan qaz mənbələrinin və istiqamətlərinin şaxələndirilməsini nəzərdə tutur.
Kobianın sözlərinə görə, "Cənub dəhlizi" kimi prioritet layihələrin inkişafı ilə yanaşı, inzibati icazələrin alınması prosedurunun asanlaşdırılması, özəl investisiyaların inkişafı üçün yeni maliyyə alətlərinin müəyyən edilməsi, layihələrin seçilməsində yeni metodlar nəzərdə tutulur.
Onun sözlərinə görə, Azərbaycan qaz ehtiyatlarına malikdir və onu satmaq fikrindədir, Avropa isə öz növbəsində onu almaq istəyir, ona görə də əsas diqqəti tərəflər arasında infrastrukturun yaradılmasına yetirmək lazımdır. Bu, təkcə Azərbaycanın öz qazını ixrac etməsi üçün şərait yaratmayacaq, eləcə də onu tranzit ölkəyə çevirəcək. Məhz buna görə Aİ "Nabukko", ITGI, "Ağ axın" və digər layihələri dəstəkləyir.
"Cənub dəhlizi"nin məqsədi Avropanın qaz bazarlarını ehtiyatları 90,6 trilyon kubmetr həcmində qiymətləndirilən dünyada ən iri qaz yataqlarından olan Xəzər-Mərkəzi Asiya hövzəsi ilə birbaşa birləşdirməkdir.