Türkmənistan, Aşqabad, 27 noyabr /Trend, müxbir H.Həsənov/
Türkmənistan və Azərbaycan hökumətləri Xəzərin ekologiyası üzrə birgə beynəlxalq konfransın keçirilməsi barədə razılığa gəliblər. Bu barədə şənbə günü Türkmənistan KİV məlumat verib.
Bu razılıq bu günlərdə Bakıda keçirilən iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının nəticələrindən biri olub. "Miras" milli telekanalının məlumatına görə, Aşqabadda hökumətin iclasında Türkmənistan nümayəndə heyətini təmsil etmiş Baş nazirin müavini Xıdır Saparlıyev hesabatla çıxış edib.
Məlumatda deyilir ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov qeyd edib ki, "qonşu Azərbaycanla dosltluq münasibətlərinin və çoxplanlı əməkdaşlığın möhkəmləndirilməsi və inkişafı həm ölkələrimizin və xalqlarımızın, həm də Türkmənistanın regionun və dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı hörmət və səmərəli dialoqa yönələn xarici siyasətinin əsas prioritetlərinə cavab verir".
Bundan başqa, "Neytral Türkmənistan" qəzetinin yazdığına görə, dövlət başçısı "diqqətini Xəzər üzrə birgə beynəlxalq ekoloji konfrans üzərində xüsusi cəmləyərək", bu forumun yüksək hazırlığını və keçirilməsini təmin etməyi tapşırıb.
"Biz Xəzər dənizinin biomüxtəlifliyinin qorunmasına, onun zəngin resurslarından səmərəli istifadəsinə tam ciddi yanaşmalıyıq", - o deyib və qeyd edib ki, Türkmənistan bu baxımdan "regionun qonşu dövlətləri ilə bu istiqamətdə əməkdaşlığın gələcək inkişafına tərəfdar olaraq, fəal və məsuliyyətli mövqe" tutur.
Bu günlərdə Berdiməhəmmədov ölkənin aidiyyəti qurumlarına Xəzərdə neft-qaz layihələrində ekoloji ekspertizanı gücləndirməyi tapşırıb. Ekspertlərin fikrincə, söhbət Avropa bazarlarına istiqamətlənən "Nabukko" layihəsinə resursların cəlb edilməsi üçün Türkmənistan və Azərbaycan arasında Transxəzər qaz boru kəmərinin mümkün tikintisindən gedə bilər.
Ekoloji təhlükəsizlik aspektlərinin qiymətləndirilməsi Xəzərdəki dəniz limanlarına da toxunacaq. ABŞ-ın geofizika şirkəti "Western Geco"nun qiymətləndirmələrinə görə, müqaviləsi bağlanılmış blokları nəzərə almadan, Türkmənistan sektorunda 11 milyard ton neft və 5,5 trilyon kubmetr qaz var. Türkmənistan mənbələrinin qeyd etdiyinə görə, bu, ölkə sərhədlərində "qara qızıl"ın resurslarının yarısından çoxu və "mavi yanaçağ"ın təxminən dörddə biri deməkdir.
Xəzərin işlənməsində xarici şirkətlərin sanballı kredit portfeli ilə iştirakları böyük əhəmiyyətə malikdir. Aşqabad beynəlxalq tenderə 32 lisenziyalaşdırılmış blok çıxarıb. Danışıqlar prosesinə ABŞ-ın Chevron, ConocoPhilips, Marathon, Midland Oil & Gas, Böyük Britaniyanın British Petroleum, Avstriyanın OMV, Norveçin Statoil Hydro, Fransanın Total və bir neçə Uzaq Şərq və Fars körfəzi şirkətləri cəlb edilib.