...

Dövlət Neft Fondu ilə Azərbaycan (EySC) Limited Şirkəti arasında korporativ istiqrazın alqı-satqısı həyata keçirilib

Energetika Materials 6 İyul 2011 17:14 (UTC +04:00)
Fonddan Trend-ə verilən məlumata görə, istiqrazın kastodial saxlanması Azərbaycan Mərkəzi Bankı tərəfindən təmin ediləcək.
Dövlət Neft Fondu ilə Azərbaycan (EySC) Limited Şirkəti arasında korporativ istiqrazın alqı-satqısı həyata keçirilib

Azərbaycan, Bakı, 6 iyul /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ölkə hüdudlarından kənarda qeydiyyatdan keçmiş törəmə müəssisəsi olan, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişə əsasən 10 faizlik iştirak payına malik Azərbaycan (EySC) Limited Şirkəti tərəfindən emissiya edilmiş, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyata alınmış 485 milyon ABŞ dolları dəyərində istiqraz Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən alınmışdır.

Fonddan Trend-ə verilən məlumata görə, istiqrazın kastodial saxlanması Azərbaycan Mərkəzi Bankı tərəfindən təmin ediləcək.

İstiqrazın alınması "2011-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin istifadə edilməsinin əsas istiqamətləri (proqramı)" çərçivəsində həyata keçirilib. Proqrama uyğun olaraq Neft Fondunun valyuta vəsaiti Xəzər dənizində həyata keçirilən mədən hasilatı sənayesindən gəlirlərin alınmasına imkan yaradan və özü və ya əsas təsisçisi uzunmüddətli investisiya reytinqinə malik olan emitent tərəfindən buraxılan qiymətli kağızlara investisiya edilə bilər.

İstiqrazın yerləşdirilməsindən əldə olunan vəsait Azərbaycan (EySC) Limited Şirkətinin Xəzər dənizinin "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişdə iştirak payının əlavə olaraq 1,6461 faiz artırılmasına yönəldilib.

İstiqrazın qaytarılma müddəti 31 dekabr 2024-cü ildir, istiqraz üzrə faiz dərəcəsi 6 aylıq LİBOR+1 faiz təşkil edir.

Xəzər dənizinin "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında saziş ARDNŞ ilə xarici neft şirkətləri arasında 1994-cü il sentyabrın 20-də imzalanıb. AÇG Xəzər hövzəsinin Azərbaycan sektorunda ən iri neft yatağıdır. Bakıdan təxminən 100 km şərqdə yerləşən AÇG yatağı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) əməliyyatçısı olan BP Azərbaycan tərəfindən işlənilir.

Xəbər lenti

Xəbər lenti