...

2012-ci ildə Azərbaycanda neft hasilatı artırılacaq - ARDNŞ rəhbəri

Energetika Materials 12 Avqust 2011 19:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 avqust /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda neft hasilatının azalması 2008-ci ildə "Mərkəzi Azəri" platformasının yaxınlığında qazın çıxması səbəbindən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda qazma işləri proqramına yenidən baxılması ilə əlaqədardır. Bu barədə cümə günü ARDNŞ rəhbəri Rövnəq Abdullayev deyib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyulunda Azərbaycanda 27,7 milyon tona yaxın neft hasil edilib. Bu, ötən ilin anoloji dövründən 6,7 faiz azdır.

Abdullayevin sözlərinə görə, qaz çıxdıqdan sonra platformalarda işlər dayandırılmışdı, lakin hazırda yeni qaz texnologiyaları tətbiq edilir və 2012-ci ildə neft həcmi yenidən artırılacaq.

Bundan başqa, bu il quyularda mühəndis-geoloji işlər aparmaq üçün platformalarda hasilat uzun müddətə dayandırılır, bu isə həcmə öz təsirini göstərir.

ARDNŞ rəhbərinin dediyinə görə, 50 milyon ton neftin hasil edilməsi Azərbaycan üçün optimal həcmdir. Bu həcm respublikada investisiya layihələrinin həyata keçirilməsi və ölkənin Dövlət Neft Fonduna daxilolmalar üçün yetərlidir.

"Azəri-Çıraq-Günəşli" yataqlar blokunun səhmdarları bunlardır: BP (operator - 35,83%), "Chevron" (11,27%), AzAÇG (11,6%), "Inpex" (10,96%), "Statoil" (8,56%), "Exxon" (8%), TPAO (6,75%), "Itochu" (4,3%), "Hess" (2,72%).

2010-cu ildə "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda 40,6 milyon ton neft hasil edilib. Bu göstərici 2009-cu ildə 40,3 milyon ton olub. 2010-cu ildə bu yataqlar blokunda sutkalıq orta hasilat 823,1 min barel təşkil edib.

Bu layihə üzrə PSA tipli müqavilə 1994-cü ildə 25 il müddətə daha 5 il uzadılmaq şərtilə bağlanılıb.

Xəbər lenti

Xəbər lenti