...

Azərbaycan Rusiya ərazisindən neft nəqlinin artırılmasına hazırdır - nazir

Energetika Materials 7 Sentyabr 2011 10:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir S.Ağayeva/

Azərbaycan sazişə Bakı-Novorossiysk marşrutu ilə Azərbaycandan başqa digər ölkələrin də neftini nəql etməyə imkan verən dəyişikliklər ediləcəyi halda Rusiya ərazisi vasitəsilə öz neftinin tədarükünü artırmağa hazırdır. Bu barədə çərşənbə axşamı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Dünən Bakıda Azərbaycan neftinin Rusiya ərazisindən nəqli haqqında 1996-cı il 18 yanvar tarixli sazişə dəyişikliklərin edilməsi üzrə işçi qrupun iclası keçirilib.

Natiq Əliyevin dediyi kimi, saziş 15 il ərzində effektiv işləyib, lakin Rusiya tərəfi vaxt ötdükdən sonra ona dəyişikliklərin edilməsini istədiyini bildirib.

Hazırda Azərbaycanla Rusiya arasında neft nəqli üzrə saziş bir faktı dəqiq göstərir ki, boru kəməri ilə yalnız Azərbaycan mənşəli neft nəql oluna bilər. Bu bəndin ləğv olunması Azərbaycandan tranzitlə keçən başqa ölkələrin, o cümlədən Qazaxıstan və Türkmənistan neftinin nəql olunmasına imkan verəcək.

Nazirin sözlərinə görə, tərəflər tarif məsələlərini də müzakirə ediblər. Bu gün bir ton neftin (Azərbaycanın Rusiya ilə sərhəddindən tankerədək) daşınmasının dəyəri 15,67 dollardır.

Əliyevin dediyi kimi, bu tarif saxlanılır. Lakin tərəflər həcmin müəyyən edilməsi üzərində çalışırlar ki, bundan sonra tarifləri azalan tərəfə dəyişmək mümkün olacaq.

"Bu məsələlər gündəlikdədir. Hesab edirəm ki, bu gün onların həlli Azərbaycan üçün sərfəlidir", - nazir deyib.

10 gün ərzində ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və "Transneft" (Rusiyanın neft nəqli inhisarçısı) bu məsələlərlə bağlı öz təkliflərini hazırlayırlar.

1996-cı ildə imzalanan Bakı-Novorossiysk boru kəməri ilə Azərbaycan neftinin tranziti haqqında Rusiya-Azərbaycan hökumətlərarası ikitərəfli sazişi ildə beş milyon ton neftin nəqlini nəzərdə tutur. Nəql bir ton neftin tranzitinə görə 15,67 dollar tarifi ilə həyata keçirilir.

ARDNŞ Novorossiysk vasitəsilə öz yataqlarından, eləcə də ölkənin quru yataqlarında işləyən birgə müəssisələrin və əməliyyat şirkətlərinin hasil etdiyi neftin nəqlini həyata keçirir.

2012-ci ildə ARDNŞ Bakı-Novorossiysk boru kəməri ilə bu ilki iki milyon tona qarşı 1,7 milyon ton neft nəql etməyi planlaşdırır. Neftin daşınması həcmlərinin azalması ölkənin daxilində neft məhsullarına tələbarın artması və bunun da nəticəsində yerli neft emalı müəssislərində emal həmlərinin artması ilə bağlıdır.

2008-ci ildə ARDNŞ Bakı-Novorossiysk boru kəməri ilə 1,2 milyon ton neft ixrac edib. 2007-ci ildə bu marşrut üzrə 1,2 milyon tona yaxın neft ixrac olunub. Bu, 2006-cı ilin anoloji göstəricisinə uyğundur. 2005-ci ildə bu boru kəməri ilə ixrac 1,6 milyon ton təşkil edib.

ARDNŞ tender əsasında Novorossiysk limanından Bakı-Novorossiysk kəməri ilə çatdırılan nefti satır. Şirkət öz vəsaitləri hesabına quruda və dənizdə hasil etdiyi xammalı, eləcə də Azərbaycanın quru yataqlarında işləyən birgə müəssisələr və əməliyyat şirkətlərinin xammalını satır.

Bakı-Novorossiysk kəmərinin operatoru 2007-ci ilin sonunadək ABƏŞ olub. O, sonradan bu funksiyanı ARDNŞ-yə verib.

Xəbər lenti

Xəbər lenti