...

Azərbaycan və Türkmənistan Avropa ilə enerji əməkdaşlığının formasını özləri müəyyən etməlidirlər - ABŞ səfiri

Energetika Materials 28 Sentyabr 2011 16:39 (UTC +04:00)
Azərbaycan və Türkmənistan Avropa ilə enerji sahəsində əməkdaşlığın formasını özləri sərbəst şəkildə müəyyən etməlidirlər.
Azərbaycan və Türkmənistan Avropa ilə enerji əməkdaşlığının formasını özləri müəyyən etməlidirlər - ABŞ səfiri

Azərbaycan, Bakı, 28 sentyabr /Trend, müxbir V.Javoronkova/

Azərbaycan və Türkmənistan Avropa ilə enerji sahəsində əməkdaşlığın formasını özləri sərbəst şəkildə müəyyən etməlidirlər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Metyu Brayza Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə Bakıda görüşü zamanı bildirib.

"Azərbaycan və Türkmənistanın Avropa ilə hansı formada əməkdaşlıq edəcəkləri yalnız onlara aiddir", - Brayza deyib.

Səfirin sözlərinə görə, ABŞ və Avropa təbii qaz tədarükünün şaxələndirilməsində həddindən artıq maraqlıdırlar. Brayza Transxəzər qaz kəmərinin həyata keçirilməsi məsələsində də ABŞ-ın Azərbaycana dəstəyini ifadə edib və bunun siyasi və iqtisadi aspektlərdən asılı olduğunu bildirib. Səfir "Cənub qaz dəhlizi" layihəsinin reallaşmasının ABŞ üçün əhəmiyyətini də qeyd edib.

Bir müddət əvvəl Aİ Şurası Transxəzər qaz kəmərinin tikintisi ilə bağlı Azərbaycan və Türkmənistanla danışıqlar aparmaq üçün mandatı təsdiqləyib. Bu, Xəzərdə qaz kəmərlərinin tikintisnə qarşı çıxış edən Rusiya və İranda narazılıq doğurub.

Uzunluğu 300 kilometrə yaxın olan Transxəzər boru kəməri Xəzərin Türkmənistan sahillərindən Azərbaycana qədər uzanacaq və burada "Nabukko" ilə birləşəcək. Aİ və digər ölkələrlə Transxəzər boru kəmərinin tikintisi barədə danışıqlar ötən əsrin 90-cı illərindən aparılır. Bu gün boru kəmərinin tikintisi Xəzərin statusunun müəyyən edilməməsi səbəbindən çətinləşib.

Xəbər lenti

Xəbər lenti