...

Azərbaycanın hidroenerji potensialı 40 milyard kilovat-saat təşkil edir

Energetika Materials 6 Dekabr 2011 16:34 (UTC +04:00)
İlkin hesablamalara əsasən, Azərbaycan ərazisində bütün çayların nəzəri hidroenerji potensialı 40 milyard kilovat-saat təşkil edir.
Azərbaycanın hidroenerji potensialı 40 milyard kilovat-saat təşkil edir

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir E.İsmayılov/

İlkin hesablamalara əsasən, Azərbaycan ərazisində bütün çayların nəzəri hidroenerji potensialı 40 milyard kilovat-saat təşkil edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Azərenerji" ASC-nin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, buna baxmayaraq, texniki hesablamalara görə, 16 milyard kilovat-saatın istifadə edilməsi mümkündür. Xüsusən, ölkə ərazisində alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı çərçivəsində çoxsaylı dağ çaylarının üzərində kiçik su elektrik stansiyalarının (KSES) tikintisi işləri aparılır.

"Belə enerji obyektlərindən biri də "Qusar-1" kiçik su elektrik stansiyasıdır. Stansiya Quba-Xaçmaz iqtisadi rayonunda, Qusar rayonu ərazisindəki Cağar-Cibir kanalından qidalanan Qusar qolu kanalı üzərində tikilir. Hazırda həmin obyektin tikintisi Qusar rayonunun Urva kəndi yaxınlığında, dəniz səviyyəsindən təxminən 1020 metr yüksəklikdə yerləşən bir ərazidə aparılır", - məlumatda qeyd edilir.

Stansiyanın ümumi gücü təxminən 1 MVT olacaq. Elektrik enerjisinin alınması üçün su axınının sürəti saniyədə 3,5 kubmetr təşkil etməlidir. Stansiyanın istehsal edəcəyi elektrik enerjisi ilə Urva kəndi və yaxınlıqdakı yaşayış məntəqələri təmin ediləcək.

Xəbər lenti

Xəbər lenti