...

EITI dövlətlə vətəndaş cəmiyyəti arasında ən uğurlu əməkdaşlıqdır – Dövlət Neft Fondu (FOTO)

Energetika Materials 2 Mart 2012 12:44 (UTC +04:00)
Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü dövlətlə, hasilat sənayesində çalışan şirkətlərlə vətəndaş cəmiyyəti arasında ən uğurlu əməkdaşlıqdır.
EITI dövlətlə vətəndaş cəmiyyəti arasında ən uğurlu əməkdaşlıqdır – Dövlət Neft Fondu (FOTO)

Azərbaycan, Bakı, 2 mart / Trend, müxbir E.İsmayılov /

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü dövlətlə, hasilat sənayesində çalışan şirkətlərlə vətəndaş cəmiyyəti arasında ən uğurlu əməkdaşlıqdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) rəhbəri Şahmar Mövsümovun cümə günü Bakıda keçirilən "EITI inkişaf perspektivləri: Azərbaycandan baxış" konfransının iuştirakçılarına məktubunda bildirilir.

Məktub ARDNF-nin nümayəndəsi Fərid Fərzəliyev tərəfindən oxunub.

Mövsümovun sözlərinə görə, Azərbaycan təşəbbüsdə iştirak etdiyi andan böyük nəticələr əldə edib. O cümlədən ölkə təşəbbüsün ilk tamhüquqlu üzvü olub və 2009-cu ildə EITI mükafatının sahibi olub.

Azərbaycanda təşəbbüsün iştirakçıları neft və qaz hasilatı, eləcə də qızıl istehsalı sahəsində çalışan həm yerli, həm də xarici şirkətlərdir.

Təşəbbüs çərçivəsində ölkədə beynəlxalq reytinq agentlikləri tərəfindən təminat verilən xüsusi hesabatlar hazırlanır. Həmin hesabatlarda mədən sənayesindən daxilolmalar öz əksini tapır. Müntəzəm əsasda hazırlanan hesabatlar ictimaiyyətə təqdim olunur.

"Biz bu sahədə əldə etdiyimiz uğurlarımızla fəxr edirik və bu istiqamətdə gələcək inkişaf üçün müntəzəm işlər görülür", - məktubda deyilir.

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) vitse-prezidenti Süleyman Qasımov konfrasda çıxışı zamanı bildirib ki, ARDNŞ təşəbbüsün fəal iştirakçısıdır.

Qasımov konfrans zamanı ARDNŞ-nin son illərdə əldə etdiyi uğurlar barədə danışıb. O cümlədən ARDNŞ son vaxtlar dünya şöhrətli üç reytinq agentliyinin reytinqini alıb. Fevralda şirkət kifayət qədər yüksək faiz dərəcələri ilə avrobondların yerləşdirilməsi prosesini başa çatdırıb. Bəzi Avropa bankları və şirkətlərinin böhrandan sonrakı və hazırkı vəziyyəti nəzərə alınarsa, ARDNŞ-nin avroistiqrazlarına belə böyük maraq onun investisiya cəlbediciliyini təsdiqləyir.

Xəbər lenti

Xəbər lenti