...

ARDNŞ-nin mənfəəti üç il ərzində 81 faiz artıb

Energetika Materials 7 İyun 2012 13:34 (UTC +04:00)
Ötən ilin yekunları üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) illik balans mənfəəti 2008-ci ilə nisbətən 81 faiz artaraq 879 milyon manat təşkil edib.
ARDNŞ-nin mənfəəti üç il ərzində 81 faiz artıb

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir E.İsmayılov/

Ötən ilin yekunları üzrə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) illik balans mənfəəti 2008-ci ilə nisbətən 81 faiz artaraq 879 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov Bakıda keçirilən XIX Beynəlxalq "Xəzər neft, qaz, neftayırma və neft kimyası - 2012" konfransı zamanı deyib.

"2012-ci ilin əvvəlinə şirkətin aktivlərinin məcmu həcmi 17 milyard manat təşkil edib ki, bu da 2008-ci ilin göstəricisindən 36 faiz çoxdur", - Qasımov bildirib.

Onun sözlərinə görə, bu gün şirkətin Gürcüstanda yanacaqdoldurma məntəqələrində (YDM) investisiyaların həcmi 110 milyon dollar, Kulevi neft terminalında 400 milyon dollar, bu ölkənin qaz paylayıcı şəbəkəsində 176 milyon dollar təşkil edir.

"Həmçinin Gürcüstanda illik gücü 700 min tondan çox olan karbamid zavodunun tikintisi və 500 milyon dollar səviyyəsində investiyası həcmi ilə bağlı planlar mövcuddur", - Qasımov qeyd edib.

Vitse-prezidentin sözlərinə görə, ARDNŞ-nin ticarət bölməsi - "SOCAR-Trading" şirkətinin yaradılmasına qoyulan investisiyalar 60 milyon İsveçrə frankı təşkil edir.

"Şirkət Rumıniyada 13 YDM-in yaradılmasına 9,5 milyon avro, Ukraynada 66 YDM (onlardan 23-ü işlək vəziyyətdədir) və 3 neft bazasına 160 milyon dollar yatırıb", - Qasımov vurğulayıb.

Onun sözlərinə görə, İsveçrədə aktivlərin əldə edilməsi şirkətə 330 milyon İsveçrə frankına başa gəlib.

Xəbər lenti

Xəbər lenti