...

"Mingəçevir SES Silsiləsi" istehsalı artırıb

Energetika Materials 18 İyun 2012 15:24 (UTC +04:00)
"Mingəçevir SES Silsiləsi"ndə bu günlər iki istiqamətdə işlər görülür. İstismarçılar müəyyən olunmuş dispetçer qrafiki üzrə enerji istehsal edir, təmirçilər isə stansiyanın yeniləşməsi, avadanlıq və yarımstansiyaların təzələnməsi üçün müvafiq işlər həyata keçirirlər.
"Mingəçevir SES Silsiləsi" istehsalı artırıb

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir A.Axundov/

"Mingəçevir SES Silsiləsi"ndə bu günlər iki istiqamətdə işlər görülür. İstismarçılar müəyyən olunmuş dispetçer qrafiki üzrə enerji istehsal edir, təmirçilər isə stansiyanın yeniləşməsi, avadanlıq və yarımstansiyaların təzələnməsi üçün müvafiq işlər həyata keçirirlər.

"Azərenerji" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kollektiv beş ay ərzində istismarda olan hidroaqreqatlardan 461 milyon 500 min kilovat-saat əvəzinə 463 milyon 766 min kilovat-saat elektrik enerjisi istehsal edərək enerjisistemə ötürüblər. O cümlədən, cari ilin may ayında isə proqnozdan əlavə 324,2 min kilovat-saat elektrik enerjisi istehsal edilib.

Dispetçer qrafikinə uyğun olaraq, burada elektrik enerjisi istehsalı proqnozu cari ilin may ayında 50 milyon kilovat-saat müəyyənləşdirilib.

"Mingəçevir" SES-in ərazisində yerləşən 110 kV-lik yarımstansiya tikilib və artıq avadanlıqların quraşdırılması işləri yekunlaşmaq üzrədir. 220 kV-lik yarımstansiyanın avadanlıqları üçün beton özüllər tökülüb başa çatdırılıb. Rele mühafizəsi otağında quraşdırma işləri aparılır. 330 kV-lik yarımstansiyanın avadanlıqlarının özüllərinin hazırlanmasına start verilib.

Mexaniki təmir korpusunun tikintisi də başa çatıb. Baş İdarə Şiti (BİŞ) binasının ikinci və üçüncü mərtəbələrinin tikintisi aparılır və oraya kabel çəkilməsi üçün müvafiq işlər həyata keçirilir. Artıq 1 nömrəli hidroaqreqatın disk bağlayıcısının dəyişdirilməsi üçün borunun daxilindəki suyun kənarlaşdırılması prosesi başa çatdırılıb. 3 nömrəli turbinin "zakladnoy" hissələrinin quraşdırılması işləri tamamlanmaq üzrədir. 3 nömrəli transformatorun daha güclü transformatorla əvəz edilməsi üçün müvafiq işlər aparılır. 1 nömrəli hidrogeneratorun statorunun yığımına başlanılıb.

Yeri gəlmişkən, tamamilə yenidən qurulması nəzərdə tutulmuş silsilənin ikinci pilləsi sayılan "Varvara" SES-də də təmirçilər səylə çalışırlar. Artıq 1 nömrəli hidroturbinin yığılmasına başlanılıb. 2 və 3 nömrəli hidroturbinlərin yığılması üçün tədbirlər görülür. Stansiyada sol sahil bərkitmə işləri başa çatmaq üzrədir.

35 kV-lik Açıq Paylayıcı Qurğu (APQ) tam sökülüb və əvəzində 35 kV-lik Qapalı Paylayıcı Qurğunun (QPQ) layihəsi hazırlanır. İki ədəd transformatorun quraşdırılması üçün onların özüllərinin hazırlanması və qəza yağ axıntısının kənarlaşdırılması üçün layihələr işlənilir. Bütün bunlarla yanaşı, aşağı və yuxarı byefdəki kranlarda elektrik avadanlıqları, troslar, reduktorlar tamamilə dəyişdirilib.

Xəbər lenti

Xəbər lenti