...

ARDNŞ Xəzərin mübahisəli yataqlarında tədqiqat işləri məsələsinə münasibət bildirib

Energetika Materials 22 İyun 2012 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir E.İsmayılov/

Azərbaycan dəfələrlə bəyan edib ki, Türkmənistan ilə birlikdə Xəzər dənizində sərhədyanı yataqların işlənməsini həyata keçirməyə hazırdır. Trend-in məlumatına görə, bu barədə cümə günü Bakıda ARDNŞ-nin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə görüşdə bildirib.

Onun sözlərinə görə, Xəzərin statusu məsələsinin həll edilməməsi səbəbindən bu yataqlarda işlər aparılmayıb.

O həmçinin, Türkmənistanın Xəzər dənizinin Azərbaycan və Türkmənistan sektorlarının kəsişməsində yerləşən "Kəpəz" yatağında tədqiqat işlərinə başlamasından təəssüfləndiyini bildirib. Türkmənistanın bu addımı Bakı tərəfindən sərhədlərin pozulması kimi qəbul edilib.

Qeyd edək ki, iyunun 18-də Türkmənistanın Azərbaycandakı səfiri Toyli Komekov Azərbaycan XİN-ə dəvət olunub və xarici işlər nazirinin müavini Xələf Xələfov tərəfindən qəbul edilib.

Görüşdə bildirilib ki, 2008-ci ildə Azərbaycan və Türkmənistan Prezidentləri arasında əldə olunmuş razılaşmaya əsasən, tərəflər Azərbaycan və Türkmənistan sektorlarının dibinin kəsişdiyi sahələrdə Xəzər dənizinin dibinin bölgüsü ilə bağlı məsələlər razılaşdırılmayana qədər kəşfiyyat və hasilatla bağlı heç bir fəaliyyət həyata keçirməyəcəklər.

Bu razılaşma pozularaq Azərbaycan və Türkmənistan sektorlarının kəsişməsində yerləşən "Kəpəz" yatağında Türkmənistan tərəfindən seysmik işlərin aparılmasına başlamaq cəhdi göstərilir. Bununla əlaqədar olaraq Türkmənistan tərəfinə qəti etiraz bildirilib və qeyd olunub ki, Türkmənistanın hüquqazidd fəaliyyəti qəbuledilməzdir və Azərbaycan tərəfi Xəzər dənizində öz suveren hüquqlarının müdafiəsi ilə bağlı müvafiq tədbirlərin görülməsi hüququnu özündə saxlayır.

Xəbər lenti

Xəbər lenti