...

Azərbaycanda elektrik enerjisindən qeyri-qanuni istifadə edən abonentlərə qarşı sərt tədbirlər görülür

Energetika Materials 27 Avqust 2012 16:41 (UTC +04:00)
Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsində elektrik enerjisi istehsal edilməklə yanaşı, yenidənqurma işləri də həyata keçirilir.
Azərbaycanda elektrik enerjisindən qeyri-qanuni istifadə edən abonentlərə qarşı sərt tədbirlər görülür

Azərbaycan, Bakı, 27 avqust /Trend/

Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsində elektrik enerjisi istehsal edilməklə yanaşı, yenidənqurma işləri də həyata keçirilir.

"Azərenerji" ASC-nin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, hazırda Mingəçevir SES-də 1 və 3 nömrəli hidroaqreqatlarda quraşdırma işləri davam edir. Suqəbuledicidə hidravlik qaldırıcılar və onun avadanlıqları quraşdırılır. Bununla yanaşı, 110, 220 və 330 kV-lik APQ-da və Baş İdarəetmə Şitinin yeni binasında tikinti işləri görülür. Silsilənin ikinci pilləsi sayılan Varvara SES-də güc transformatorlarının quraşdırılması üçün özüllər qoyulub.

Qeyd edək ki, silsiləyə Mingəçevir SES və Varvara SES daxildir.

Bütün elektrik şəbəkələrində (EŞ) olduğu kimi, İsmayıllı EŞ-də də elektrik enerjisindən qeyri-qanuni istifadənin qarşısının alınması istiqamətində xeyli işlər görülüb və bu istiqamətdə tədbirlər davam etdirilir. Burada cari ilin iyul ayında keçirilmiş reydlər zamanı 26 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 51,4 min kilovat-saatdan artıq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğin (3,1 min manatın) 57 faizə yaxın hissəsinin ödənişi təmin edilib.

2012-ci ilin ötən 7 ayı ərzində keçirilmiş reydlər zamanı 162 qayda pozuntusu faktı aşkar edilərək 676,5 min kilovat-saata yaxın itirilmiş elektrik enerjisinin 40,5 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 31 faizə yaxın hissəsinin ödənişi təmin edilib. Yenə də kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilməsi halı üstünlük təşkil edib və ən çox məişət abonenti (əhali) istehlakçı qrupunda qayda pozuntusu aşkar edilib.

Cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 10 kV-lik Qalıstan, Qafqaz, Diyallı, eyni zamanda, Zərgəran, Topçu və digər kənlərdə 0,4 kV-lik xətlərdə həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı ümumilikdə 14,3 kilometrə yaxın xətt təmir edilib.

Cari ilin iyul ayında Zaqatala Elektrik Şəbəkəsinin xidməti ərazisində keçirilmiş reydlər zamanı 23 istehlakçının Elektrik Enerjisindən İstifadə Qaydalarını pozması faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb və 64,6 min kilovat-saata yaxın itirilmiş elektrik enerjisinin 3,9 min manatdan artıq istehlak dəyəri bərpa edilib. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən ayların aktlarına görə yaranmış debitor borcun müəyyən hissəsinin ödənişi də təmin edilib.

Qeyd edək ki, cari ilin ötən 7 ayı ərzində burada 227 qayda pozuntusu aşkar edilərək akt tərtib olunub. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 777,5 min kilovat-saata yaxın itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin (46,6 min manatdan artıq) 73 faizə yaxın hissəsinin ödənişi təmin edilib, qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Elektrik verilişi xətlərinin (EVX) 2,6 kilometrə yaxın hissəsi təmir edilib. Buraya 10 kV-lik Tala, Mosul, Lahıc, Makov, 0,4 kV-lik Muxax, Car, Y.Tala və digər xətlərdə görülmüş işlər daxildir.

Xızı Elektrik Şəbəkəsində isə 35 kilovoltluq 7 yarımstansiyada əsaslı təmir işləri aparılıb. Transformator məntəqələrinin təmiri, elektrik verilişi xətlərinin tarım çəkilməsi, zərurət yaranan yerlərdə dayaqların düzəldilməsi, yaxud da yenisi ilə dəyişdirilməsi görülən işlərin tərkib hissəsidir.

Ümumilikdə rayonun enerji təchizatı 61 transformator məntəqəsi, 35/10 kV-lik 7 yarımstansiya vasitəsilə reallaşdırılır. Bu yarımstansiyalara 70,3 km xətt xidmət edir.

Qeyd edək ki, rayonda elektrik enerjisindən qeyri-qanuni istifadə hallarına ən iri yaşayış məntəqələrindən olan, təxminən 583 abonentə malik Giləzi qəsəbəsində rast gəlinir. Belə hallara yol verən abonentlərə qarşı sərt tədbirlər görülür. Zərurət yarandıqda hüquq-mühafizə orqanlarına müraciət edilir ki, bu da çox vaxt təsirini göstərir.

Xəbər lenti

Xəbər lenti