...

Albaniya TAP layihəsinin həyata keçirilməsində maraqlıdır

Energetika Materials 8 Aprel 2013 19:25 (UTC +04:00)
ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevlə “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda Dünya İqtisadi Forumunda iştirak etmək üçün Bakıya gəlmiş Albaniyanın Baş naziri Sali Berişa arasında görüş keçirilib.
Albaniya TAP layihəsinin həyata keçirilməsində maraqlıdır

Azərbaycan, Bakı, 8 aprel /Trend/

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevlə "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumunda iştirak etmək üçün Bakıya gəlmiş Albaniyanın Baş naziri Sali Berişa arasında görüş keçirilib.

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, Abdullayev Azərbaycanla Albaniya arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini söyləyib. Albaniyanın Baş naziri Sali Berişa iqtisadi əlaqələrin, xüsusilə də neft-qaz sektorunda əməkdaşlığın böyük önəm daşıdığını diqqətə çatdırıb, qarşılıqlı tərəfdaşlığa böyük töhfə verə biləcəyini vurğulayıb. O, Bakıda keçirilən bugünkü forumun Azərbaycanla dünya ölkələri arasında iqtisadi əlaqələrin daha da dərinləşməsi baxımından əhəmiyyətini vurğulayıb.

Berişa Azərbaycanda hasil olunan təbii qazın Avropaya nəqli istiqamətində aparılan işlərlə maraqlanıb, "TAP" layihəsinin gerçəkləşməsində rəsmi Tirananın maraqlı olduğunu qeyd edib.

ARDNŞ prezidenti Rövnəq Abdullayev Azərbaycan qazının Avropaya nəqli istiqamətində "TAP" və "Nabucco-West" marşrutları üzrə təqdim edilmiş təkliflərin dəyərləndirilmə mərhələsində olduğunu söyləyib və bildirib ki, son qərar cari ilin ikinci yarısında veriləcək.

Görüşdə Azərbaycanla Albaniya arasında ikitərəfli əməkdaşlığın perspektivləri haqqında geniş müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti