...

ARDNŞ-nin iməcilikləri zamanı 250 mindən çox ağac-kol bitkisi əkilib

Energetika Materials 13 Aprel 2013 13:41 (UTC +04:00)
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə ölkəmizin hər yerində olduğu kimi, ARDNŞ-nin idarə və müəssisələrində də silsilə tədbirlər keçirilir. Şirkət kollektivi tərəfindən yaz mövsümündə hər həftənin şənbə günləri bu münasibətlə yaşıllaşdırma və abadlıq işləri aparılmasına qərar verilib.
ARDNŞ-nin iməcilikləri zamanı 250 mindən çox ağac-kol bitkisi əkilib

Azərbaycan, Bakı, 13 aprel /Trend, müxbir A.Axundov/

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə ölkəmizin hər yerində olduğu kimi, ARDNŞ-nin idarə və müəssisələrində də silsilə tədbirlər keçirilir. Şirkət kollektivi tərəfindən yaz mövsümündə hər həftənin şənbə günləri bu münasibətlə yaşıllaşdırma və abadlıq işləri aparılmasına qərar verilib.

Trend-in məlumatına görə, aprelin 13-də ARDNŞ rəhbərliyinin iştirakı ilə Şirkətin bütün idarə və müəssisələrində genişmiqyaslı iməcilik keçirilib, ağaclar əkilib, abadlıq işləri aparılıb, əvvəllər salınmış yaşıllıqlara qulluq göstərilib. "Azneft" İB-nin tərkibində fəaliyyət göstərən neft və qazçıxarma idarələrinin, "Azəriqaz" İB-nin qaz istismar sahələrinin, "Azərikimya" İB-nin zavodlarının, Kompleks Qazma İşləri Trestinin qazma idarələrinin, "Neftqaztikinti" Trestinin, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun, "Azərneftyağ" Neft Emalı Zavodunun, Neft Kəmərləri İdarəsinin, Xəzər Dəniz Neft Donanmasının kollektivləri aksiyada fəal iştirak ediblər.

Geofizika və Geologiya, İnformasiya Texnologiyaları və Rabitə, Sosial İnkişaf, Ekologiya İdarələri, "Neftqazelmitədqiqatlayihə" İnstitutu, Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu, Qaz Emalı Zavodu, Təlim, Tədris Mərkəzi və Şirkətin digər istehsalat kollektivləri öz ərazilərində ekoloji tədbirlər həyata keçiriblər. Şirkətin 18 minə yaxın əməkçisinin qatıldığı iməcilikdə ümumilikdə təxminən 15 min ağac və gül kolu əkilib, böyük abadlıq işləri aparılıb. Əkilmiş ağaclar arasında ərazinin təbii xüsusiyyətlərinə uyğun olan bitkilərə - küknar, şam, xan çinarı, söyüd, zeytun, eldar şamı, meyvə ağaclarına, eləcə də qızılgül, yasəmən, novruzgülü və dekorativ gül kollarına üstünlük verilib.

ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, Şirkətin digər vitse-prezidentləri, Baş ofisin idarə rəhbərləri Bibiheybətdə neftlə çirklənmədən təmizlənmiş ərazidə olub, ekoloji vəziyyətlə maraqlanıb, burada keçirilən iməcilikdə ağaclar əkiblər. Bildirilib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hər zaman ətraf mühitin mühafizəsinə, yaşıllıqların salınmasına xüsusi diqqət göstərib və son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, ekoloji tarazlığın bərpası istiqamətində geniş vüsət alan hərakatın əsası məhz ulu öndərimiz tərəfindən qoyulub. Qeyd olunub ki, bu ənənəyə sadiq qalan ARDNŞ kollektivi neftlə çirklənmiş torpaqları təmizəyərək mədən ərazilərində geniş abadlıq və yaşıllaşdırma işləri aparır, ağacəkmə kampaniyalarını uğurla davam etdirir. Məlumat verilib ki, təkcə 2010-2012-ci illər ərzində Şirkətin idarə və müəssisələrinin ərazisində 250 mindən artıq müxtəlif növlü ağac-kol bitkisi əkilib, aparılmış rekultivasiya tədbirləri nəticəsində bərpa olunmuş mədən torpaqlarının ümumi sahəsi 1300 hektara çatdırılıb.

İməcilik zamanı ölkədə ekoloji durumun yaxşılaşdırılması istiqamətində beynəlxalq standartlar və qüvvədə olan normalara cavab verən təxirəsalınmaz işlərdən, həyata keçirilən kompleks tədbirlərdən söz açılıb, neft-qaz hasilatı və emalı prosesində ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində qarşıya çıxan problemlərin həlli məqsədilə görülən mühüm işlərin davamlı olacağı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti