...

Bərpa olunan metanolun istehsalı – ekoloji baxımdan ən əlverişli proseslərdən biri sayılır

Energetika Materials 19 Avqust 2013 13:51 (UTC +04:00)
ABŞ Metanol İnstitutunun rəsmi sənədi olan “Ağ kitab” metanolun mühüm ekoloji xüsusiyyətlərini nəzərə alaraq, ictimaiyyətin diqqətini bu bərpa olunan enerji mənbəyinin üstünlüklərinə cəlb edir.
Bərpa olunan metanolun istehsalı – ekoloji baxımdan ən əlverişli proseslərdən biri  sayılır

Azərbaycan, Bakı, 19 avqust /Trend /

ABŞ Metanol İnstitutunun rəsmi sənədi olan "Ağ kitab" metanolun mühüm ekoloji xüsusiyyətlərini nəzərə alaraq, ictimaiyyətin diqqətini bu bərpa olunan enerji mənbəyinin üstünlüklərinə cəlb edir. Bərpa olunan metanol müxtəlif üsullarla istehsal olunur və bu istehsal üsulları müasir sənayedə ən iqtisadi sərfəli və ekoloji cəhətdən zərərsiz olan proseslərdən biri hesab olunur.

Məişət tullantılarından alınan metanol

Metanolun məişət tullantılarından alınması üsulunda məişət zibili və tullantı inşaat materialları kimi materiallardan istifadə olunur. Belə tullantıları qazlaşdırmaqla sintez-qazı alınır və bu qaz sonradan katalitik yolla metanola çevrilir. Bu üsulun bir variantı da metanolun sintezi üçün xammal kimi məişət tullantılarından alınan zibillik bioqazından istifadə olunmasıdır. Kanadada yerləşən "Enerkem" şirkəti bərk məişət tullantılarından (BMT) metanol istehsal edir. Hal-hazırda metanol nəqliyyat yanacağı kimi istifadə olunmasından daha çox, məqsədli bərpa olunan etanolun və kimyəvi maddələrin istehsalında alınan aralıq məhsuldur.

Sənaye tullantılarından alınan metanol

Metanolun istehsalı üçün xammal kimi sənaye tullantılarından istifadə olunduğu digər üsulda səneyə proseslərindən alınan ikinci dərəcəli məhsullar və tullantılar istifadə olunur. Məişət tullantılarından istifadə olunduğu üsulda olduğu kimi burada da ilkin xammalı qazlaşdırmaqla sintez-qazı alınır və bu qaz sonradan katalitik yolla metanola çevrilir. Hal-hazırda "BioMCN" şirkəti təkcə Niderlandda xammal kimi qliserindən istifadə edərək, ildə 66 milyon qallon (250 milyon litr) bərpa olunan metanol istehsal edir. Bu bərpa olunan metanolun istehsal prosesi biodizel yanacağının istehsalı ilə birlikdə sinerjili prosesdir: biodizel yanacağının istehsalında təkrar eterifikasiya prosesi metanoldan istifadə edir, ikinci dərəcəli məhsul - qliserin isə sonradan metanolun istehsalı üçün istifadə olunur. İsveçdə "Chemrec" şirkəti propana oxşar yanacaq olan bio-dimetil efirinin (DME) istehsalı üzrə dünyada birinci zavodu inşa etmiş və istismar etməkdədir, bərpa olunan metanol isə bio-DME alınması prosesində aralıq mərhələdə istehsal olunur. Bu proses sellüloz-kağız kombinatlarında istehsalın ikinci dərəcəli məhsulu olan qara tortanın qazlaşdırılmasına əsaslanır. Zavodun illik məhsuldarlığı 140 000 ton bərpa olunan metanol məhsulu təşkil edir ki, bu da ildə 47 milyon qallona (180 milyon litrə) bərabərdir. Hal-hazırda DME yanacağı planetimizdə ən sərfəli və ekoloji cəhətdən təmiz yanacaq növlərindən biridir və "Volvo", "Mercedes" kimi dünyanın aparıcı avtomobil istehsalçıları yük maşınlarını, avtobusları və digər nəqliyyat vasitələrini hərəkətə gətirmək üçün ondan geniş istifadə edirlər.

Biokütlədən alınan bərpa olunan metanol (Biometanol)

Biokütlədən alınma üsulunda biometanol biokütlə əsaslı xammaldan istehsal olunur, məsələn, kənd təsərrüfatı tullantıları, budanmış ağaclar və qısa kəsmə dövriyyəsinin məhsulları. Biokütlə qazlaşdırılıb sintez-qazı alınır və bu qaz sonradan katalizatordan istifadə etməklə bərpa olunan metanola çevrilir.

"VärmlandsMetanol" şirkəti İsveçdə biometanol istehsalı zavodunun tikintisini planlaşdırır və burada xammal kimi meşə biokütlə qalıqlarından istifadə olunacaq. Bu müəssisənin layihə gücü ildə 34 milyon qallon (130 milyon litr) təşkil edir.

Mənbə: ABŞ Metanol İnstitutu

Məqalədə:
Xəbər lenti

Xəbər lenti