...

ARDNŞ 2014-cü ildə qazma işlərinin həcmini artırmaq niyyətindədir

Energetika Materials 14 Aprel 2014 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel /Trend müxbir E. İsmayılov/

Proqnozlara görə, ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2014-cü ildə 150 min metr həcmində qazma işlərini həyata keçirəcək. Bu barədə bazar ertəsi Trend-ə ARDNŞ-dəki mənbə deyib.

2013-cü ildə bu göstərici 142 656 min metr olub.

Onun sözlərinə görə, ötən il yerinə yetirilən işlərin ümumi həcmindən 135 665 metr istismar, 6 991 metr isə kəşfiyyat işlərinin payına düşüb.

2013-cü ildə ümumilikdə Azərbaycan üzrə qazma işlərinin həcmi təxminən 270 min metr təşkil edib.

"Bu il qazma işlərinin həcminin 2011-ci il səviyyəsində olması gözlənilir", - deyə mənbə bildirib.

ARDNŞ 2009-cu ildə 168,2 min metr, 2008-ci ildə təxminən 203 min metr, 2007-ci ildə isə 190,4 min metr həcmində qazma işləri aparıb.

Mənbə qeyd edib: "Hazırda quyuların qazılması ARDNŞ-nin quruda, eləcə də dənzidə yerləşən yataqlarında aparılır. İlkin məlumatlara görə, bu il qazma işlərinin həcmi 150 min metrə yaxın təşkil edəcək".

2014-cü ilin yanvar-martında ARDNŞ 33 777 metr həcmində qazma işləri (birgə müəssisə və əməliyyat şirkətləri istisna olmaqla) həyata keçirilib. 2013-cü ilin birinci rübündə bu həcm 40 845 metr olub.

ARDNŞ-nin tərkibinə "Azneft" İB (quruda və dənizdə neft və qaz hasilatı müəssisəsi), "Azərikimya" İB (kimya sənayesi müəssisəsi),"Azəriqaz" (qaz paylanması) müəssisəsi daxildir.

ARDNŞ xarici tərəfdaşlarla birlikdə "Azəri-Çıraq-Günəşli" neft-qaz yatağı bloku və Xəzərdə "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi kimi iri layihələrdə iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti