...

AYİB enerji səmərəliliyinin artırılması üçün Azərbaycana üçüncü krediti ayırıb

Energetika Materials 1 Oktyabr 2014 18:39 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda enerji səmərəliliyi sahəsində layihələrin maliyyələşdirilməsi üçün "Muğanbank" ASC-yə 3 milyon dollar dəyərində kredit ayırıb.
AYİB enerji səmərəliliyinin artırılması üçün Azərbaycana üçüncü krediti ayırıb

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir Azad Həsənli/

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanda enerji səmərəliliyi sahəsində layihələrin maliyyələşdirilməsi üçün "Muğanbank" ASC-yə 3 milyon dollar dəyərində kredit ayırıb. Bu barədə Trend AYİB-in rəsmi saytına istinadən məlumat verir.

Məlumata görə, kredit vəsaiti "Enerji səmərəliliyi" proqramı çərçivəsində verilib: "Kredit vəsaiti sənaye və yaşayış sektorlarında enerji səmərəliliyi sahəsində innovasiyaların dəstəklənməsi üçün özəl sektorun, bərpa olunan enerji mənbələri sahəsində isə layihələrin maliyyələşdirilməsinə ayrılacaq".

Bununla da "Muğanbank" qeyd edilən sahədə AYİB-in Azərbaycanda üçüncü tərəfdaşı olub.

AYİB-in Bakı nümayəndəliyinin rəhbəri Nil Makkeyn qeyd edib ki, AYİB iqtisadiyyatın real sektorunun maliyyələşdirilməsinə dəstək çərçivəsində 2006-cı ildən "Muğanbank" ilə işləyir: "Bu, "Muğanbank" və ümumilikdə bazar üçün yeni məhsuldir və buna görə də bu, uzmüddətli münasibətlərimizdə yeni mərhələnin rəmzidir. Bizə müxtəlif sahələr və müştərilərlə işləməyə kömək edəcək "Muğanbank"a dəstək verməyə şadıq".

Məlumata əsasən, AYİB enerji təchizatı sahəsinə investisiyalar üzrə texnoloji konsultasiyaların göstərilməsi üçün maliyyə institutlarını, yerli müəssisələri və ev təsərrüfatlarını dəstəkləmək məqsədilə konsultantlar cəlb edib. Bu dəstək sənaye müəssisələrinə və ev sahiblərinə səmərəsiz, keyfiyyətsiz avadanlıq və materialların istifadəsindən daha səmərəli və keyfiyyətli investisiyalara keçməyə imkan verəcək.

Göstərilən proqram Avropa İttifaqı Tərəfdaşlıq İnvestisiya Fondu, AYİB Səhmdarlarının Xüsusi Fondu və Avstriya Federal Maliyyə Nazirliyinin qrant dəstəyi ilə həyata keçirilir. Ayrılmış vəsait ev təsərrüfatlarına texniki yardım və investisiya güzəştlərinin təqdim edilməsi üçün istifadə olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti