...

Ağdaş və Oğuzun 3 kəndinə təbii qaz verilib

Energetika Materials 15 İyul 2016 18:43 (UTC +04:00)
İyulun 15-də Ağdaş rayonunun Pirkəkə, Oğuz rayonun Xaçmaz və Sincan kəndlərinə təbii qaz verilib.
Ağdaş və Oğuzun 3 kəndinə təbii qaz verilib

Bakı. Trend:

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq, iyulun 15-də Ağdaş rayonunun Pirkəkə, Oğuz rayonun Xaçmaz və Sincan kəndlərinə təbii qaz verilib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, Ağdaş rayonunun 225 abonenti olan Pirkəkə kəndinin birpilləli sistem əsasında yenidən qazlaşdırılması üçün ümumi uzunluğu 17 736 metr olan müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent sayğac və fərdi tənzimləyici ilə təchiz edilib.

Oğuz rayonun 1359 abonenti olan Xaçmaz kəndinin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 135 kilometr uzunluğunda polietilen və metal borularla qaz xətləri çəkilib, 1359 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Rayonun 391 abonenti olan Sincan kəndinə də ilk dəfə təbii qaz verilib. Bu məqsədlə 42 kilometrə yaxın qaz xətləri çəkilib, sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri yaşayış məntəqələrinə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti