...

Pərviz Şahbazov Brüsseldə Beynəlxalq Enerji Xartiyasının baş katibi ilə görüşüb (FOTO)

Energetika Materials 17 Noyabr 2017 17:43 (UTC +04:00)
Pərviz Şahbazov Brüsseldə Beynəlxalq Enerji Xartiyasının baş katibi ilə görüşüb.
Pərviz Şahbazov Brüsseldə Beynəlxalq Enerji Xartiyasının baş katibi ilə görüşüb (FOTO)

Bakı. Trend:

Belçikada səfərdə olan Azərbaycanın energetika naziri Pərviz Şahbazov Beynəlxalq Enerji Xartiyası Katibliyində qurumun baş katibi Urban Rusnakla görüşüb.

Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı Enerji Xartiyası Prosesinin mövcud vəziyyəti və perspektivləri müzakirə edilib. Azərbaycanın Enerji Xartiyası ilə sıx əməkdaşlığı və işçi qruplarının fəaliyyətində aktiv iştirakı yüksək qiymətləndirilib. Enerji səmərəliliyinin hazırda bütün dünyada aktuallıq kəsb etdiyi, hətta xüsusi enerji növü kimi qəbul olunduğu vurğulanaraq, Avropa İttifaqının “EU4Energy” proqramı çərçivəsində “Enerji səmərəliliyi və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanunu layihəsinin hazırlanması istiqamətində müştərək fəaliyyətin intensivləşdirilməsi vacib sayılıb. Bu proqram çərçivəsində Azərbaycanın Energetika Strategiyasının, iqtisadiyyatın müxtəlif sahələrində enerji səmərəliliyinin təmin edilməsi üzrə xüsusi proqramların, müvafiq qanunvericilik sənədlərinin hazırlanması və enerji resurslarından səmərəli istifadə üzrə Milli Fəaliyyət Planının işlənməsi ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Bu istiqamətdə yeni təkliflər nəzərdən keçirilib.

Energetika naziri P.Şahbazov bütün bu əməkdaşlıq istiqamətlərinin “Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlərin icrasına töhfə verəcəyini deyərək bildirib ki, enerji sektorunda belə mühüm layihələrin reallaşdırılması üçün Enerji Xartiyasının dəstəyi vacibdir. Müzakirələr əsnasında cari ilin sonu - gələn ilin əvvəlində ekspertlər səviyyəsində görüşün keçirilməsi qərara alınıb.

Bundan başqa, görüşdə Enerji Xartiyasının 28-29 noyabr tarixində Aşqabadda keçiriləcək 28-ci konfransı, eləcə də dünyanın enerji bazarında izlənən yeni trendlər ətrafında da müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti