...

“Cənub Qaz Dəhlizi” kimi layihələrin inkişafı bütün Avropa üçün həlledici əhəmiyyət daşıyır - Serbiya baş nazirinin müavini (MÜSAHİBƏ)

Energetika Materials 4 Fevral 2022 17:32 (UTC +04:00)
“Cənub Qaz Dəhlizi” kimi layihələrin inkişafı bütün Avropa üçün həlledici əhəmiyyət daşıyır - Serbiya baş nazirinin müavini (MÜSAHİBƏ)

Bakı. Ləman Zeynalova - Trend:

Mövcud qaz böhranı göstərdi ki, Cənub Qaz Dəhlizi kimi layihələrin inkişafı bütün Avropa üçün həlledici əhəmiyyət daşıyır.

Bunu Trend-ə özəl müsahibəsində Serbiya baş nazirinin müavini, energetika və mədən sənayesi naziri Zorana Mihayloviç deyib.

O bildirib ki, Serbiyanı Cənub Qaz Dəhlizi ilə birləşdirəcək Niş-Dimitrovqrad qaz kəməri 2023-cü ildə istismara verilməlidir.

“Serbiyanın qaz sektorunda məqsədi enerji təhlükəsizliyinin təmin olunmasıdır. Bu isə həm qaz marşrutlarının, həm də qaz tədarükçülərinin şaxələndirilməsini tələb edir. İlin əvvəlində Serbiya qaz təchizatı üçün əlavə xətt əldə edib, amma bizim hədəfimiz mənbələri şaxələndirmək və qaz interkonnektoru vasitəsilə qonşularımızla birləşməkdir. Bizim tikdiyimiz birinci interkonnektor Serbiya-Bolqarıstan (Niş-Dimitrovqrad) qaz kəməridir. Bunun üçün maliyyə ayrılıb və müqavilələr imzalanıb. Qaz kəmərinin tikintisi bu il başlamalıdır, 2023-cü ildə isə istismara verilməlidir. İnterkonnektor Serbiyanı Cənub Qaz Dəhlizi, eləcə də digər tədarük mənbələri ilə birləşdirəcək”, - deyə o bildirib.

Z.Mihayloviç qeyd edib ki, təbii qaz tədarükü marşrutlarının şaxələndirilməsi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına və qaz təchizatının təhlükəsizliyinə xidmət edir.

“Mövcud qaz böhranı göstərdi ki, bu cür layihələrin inkişafı bütün qitə üçün həlledici əhəmiyyət daşıyır, belə ki, yalnız bir tədarükçüyə arxalanmaq tədarükün təhlükəsizliyinin təmin olunması üçün kifayət deyil. Serbiya-Bolqarıstan qaz interkonnektoru Serbiyaya müxtəlif tədarükçülərdən, Cənub Qaz Dəhlizinin hissələri olan TAP və TANAP kimi qaz kəmərləri, Yunanıstanda mayeləşdirilmiş təbii qaz terminalı kimi mənbələrdən qaz əldə etməyə imkan verəcək”, - o deyib.

Nazir müavini qeyd edib ki, gələcəkdə, “EastMed” layihəsinin başa çatmasından sonra qaz, həmçinin İsrailin “Leviafan” yatağından daxil olmağa başlayacaq. Bu, Serbiya və regionun enerji təhlükəsizliyi üçün vacibdir.

“Bolqarıstan artıq Azərbaycandan və Yunanıstanda mayeləşdirilmiş təbii qaz terminalından qaz əldə edir. Ümid edirik ki, bu nümunəyə əməl etməklə biz qaz tədarükü marşrutlarlımızı şaxələndirə biləcəyik. Bu, tədarükün təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, həm də Serbiya bazarında qaz qiymətlərinin tarazlaşdırılmasına müsbət təsir göstərməlidir”, - Z.Mihaloviç vurğulayıb.

O bildirib ki, Serbiya və Azərbaycan iki ölkənin hökumətləri arasında enerji və dağ-mədən sənayesi sahəsində əməkdaşlıq sazişini imzalamağa hazır olduqlarını vurğulayıb.

“Sazişin imzalanması iki ölkə arasında dostluq və iqtisadi münasibətlərin möhkəmlənməsinə yeni təkan verəcək. Sənədin “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının 8-ci iclası çərçivəsində Serbiya nümayəndə heyətinin səfəri zamanı imzalanacağı gözlənilir”, - deyə Z.Mihaloviç bildirib.

Bərpa olunan enerji mənbələri sahəsi barədə danışan nazir müavini qeyd edib ki, bu sahənin sürətlənmiş inkişafı Serbiya və Azərbaycan şirkətləri arasında əməkdaşlıq, yeni potensial investisiyalar və birgə layihələrin reallaşdırılması üçün yeni imkanlar açacaq.

“Serbiyada bərpa olunan enerji mənbələrinin istifadəsi ilə bağlı qanun qəbul edilib. Bu qanun həmin sahəyə investisiyaların artırılması üçün şərait yaradır. Biz, həmçinin enerji sahəsində vacib strateji sənədlərin hazırlanmasına başlamışıq. Bərpa olunan enerji mənbələri sahəsində bizim məqsədimiz 2040-cı ilədək bu növün ölkənin enerji balansında payının 40 faizə, 2050-ci ilədək 50 faizədək artırılmasıdır”, - Z.Mihayloviç deyib.

Nazir müavini vurğulayıb ki, bərpa olunan enerji mənbələrinə investisiyalar, ilk növbədə hidroelektrik, günəş və külək stansiyalarının tikintisi enerji və faydalı qazıntılar hasilatı sahəsində hazırlanmış yeni investisiya planında vacib yer tutur. Bu, 28 milyard avroya yaxın ümumi məbləğdə layihələri əhatə edir.

“Bizim beynəlxalq tərəfdaşlarımız, beynəlxalq maliyyə institutları və investorlar etiraf edir ki, Serbiya bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi üçün əlindən gələni edib”, - nazir müavini deyib.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti