...

Litva Azərbaycandan Avropaya qaz tədarükünün iki dəfə artırılmasını dəstəkləyir - Kazis Starkeviçyus (FOTO)

Energetika Materials 19 İyul 2022 08:21 (UTC +04:00)
Litva Azərbaycandan Avropaya qaz tədarükünün iki dəfə artırılmasını dəstəkləyir - Kazis Starkeviçyus (FOTO)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Litva Azərbaycandan Avropaya qaz tədarükünün iki dəfə artırılmasını dəstəkləyir.

Bunu Trend-ə özəl müsahibəsində Bakıda səfərdə olan Litva Respublikası Seyminin (parlamentinin) Litva-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Kazis Starkeviçyus deyib.

"Azərbaycana səfərimiz çərçivəsində səkkiz görüş keçirdik. Birinci gün parlament səviyyəsində, ikinci gün isə icra hakimiyyəti səviyyəsində görüşlər keçirilib. Müzakirə olunan əsas məsələlər dünyadakı vəziyyət, Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu, elm, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlıq olub. Biz Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Aİ ilə Azərbaycan arasında enerji sektorunda əməkdaşlıqdan danışdıq. Biz Azərbaycandan Aİ-yə qaz tədarükünün iki dəfə artırılmasını dəstəkləyirik. Bu kontekstdə Litva və Azərbaycan limanları arasında əməkdaşlıq üçün perspektivlər var. Onlar nəqliyyat sistemi ilə birləşdirilməlidir. Xüsusilə, Klaypeda limanında mayeləşdirilmiş təbii qaz terminalı var. Azərbaycandan qazı bu limana çatdırmaq olar, biz isə oradan onu başqa Avropa ölkələrinə göndərə bilərik. Litva elə bu gün Azərbaycan qazını almağa hazırdır", - deyə K.Starkeviçyus bildirib.

Onun sözlərinə görə, Litva alternativ enerjinin, xüsusən də günəş enerjisinin inkişafına böyük diqqət yetirir.

"Litvada günəş batareyası istehsalı üzrə zavod fəaliyyə göstərir və onun məhsulları Çin məhsulları ilə rəqabət aparır. Azərbaycanlı tərəfdaşlarımızla birlikdə sizin ölkədə də belə bir zavod tikə bilərik. Müzakirələr zamanı Qarabağda “yaşıl zona”nın yaradılmasında Litva şirkətlərinin iştirakından da danışdıq. Bundan əlavə, Litva şirkətləri Qarabağda tikinti, enerji və kənd təsərrüfatı sahələrində layihələrdə iştirak edə bilərlər. Şirkətlərimiz öz layihələrini bu regiondakı sənaye parklarında həyata keçirə bilərlər", - deyə K.Starkeviçyus bildirib.

O, həmçinin nəqliyyat sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərindən danışıb.

"Litva Avropa nəqliyyat sistemində vacib oyunçudur. Aİ bütün nəqliyyatın fəaliyyət prinsiplərinə yenidən baxır, Avropa və Asiya arasında dəmir yolları da daxil olmaqla əlaqələrin yaradılması planları var və Azərbaycan da yeni nəqliyyat sisteminin bir hissəsi ola bilər", - deyə deputat bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün böyük perspektivlər var.

"Biz Azərbaycandan meyvə və tərəvəzin emalı ilə məşğul ola, daha sonra Avropaya çatdıra bilərik. Litva ilə Azərbaycan arasında tərəfdaşlıq hər iki ölkənin iqtisadiyyatı üçün çox vacibdir", - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti