...

Balkan ölkələri Ərdoğandan xahiş edib ki, Azərbaycanla qışda qaz tədarükü məsələsini müzakirə etsin

Energetika Materials 14 Sentyabr 2022 10:27 (UTC +04:00)
Balkan ölkələri Ərdoğandan xahiş edib ki, Azərbaycanla qışda qaz tədarükü məsələsini müzakirə etsin

Bakı. Trend:

Bir sıra Balkan ölkələri rəhbərliyinin nümayəndələri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək Azərbaycanla qışda qaz tədarükü məsələsini müzakirə etməyi xahiş ediblər.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi deyib.

"Biz əvvəlcə Bosniya və Herseqovina, sonra Serbiya və Xorvatiyaya səfər etdik. Prezidentlər, baş nazirlər və nazirlər səviyyəsində bizə edilən müraciətlər bu cür idi: "Siz Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcəksiniz. Xahiş edirik ki, Putinə və xoş münasibətlərinizin olduğu Azərbaycan Prezidenti İlham Əliyevə çatdırın ki, onlar qarşıda gələn qışda tədarük olunan yanacaq və qaz həcmlərini azaltmasın", - türkiyəli nazir deyib.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı bildirmişdi ki, bir il yarım ərzində Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun 11,7 milyard kubmetri İtaliyanın payına düşür.

"Bu il biz həcmi artırmağı və İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etməyi planlaşdırırıq. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var", - dövlət başçısı bildirib.

İonik-Adriatik boru kəməri ilə Azərbaycan qazı üç Balkan ölkəsinə nəql ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti