Bakı. Trend:
İon-Adriatik boru kəməri layihəsi üzrə işləri sürətləndirmək lazımdır.
Trend-in məlumatına görə, bunu bu gün Xorvatiya İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin dövlət katibi İvo Milatiç Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları çərçivəsində keçirilən plenar sessiyada çıxışı zamanı deyib.
"Yaxın bir neçə ayda bütün tərəfdaşlarımızla - Albaniya, Monteneqro, Bosniya və Herseqovina ilə İon-Adriatik boru kəməri layihəsi üzrə işləri sürətləndirməliyik", - o deyib.
Milatiç qeyd edib ki, Xorvatiya Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) göstərdiyi böyük dəstəyi xüsusilə yüksək qiymətləndirir.
"Bu dəstək layihənin hazırlığının bu mərhələsinə çatdırılmasında mühüm rol oynayıb. Azərbaycanın böyük dəstəyi ilə Avropa İttifaqı sərhədindən Cənub-Şərqi Avropaya qədər əlavə qaz mənbəyi təmin etmək üçün Avropaya qaz tədarükü üzrə fəaliyyətimizi gücləndirəcəyik və dörd ölkə arasında uğurlu əməkdaşlığı canlandıracağıq", - deyə o əlavə edib.
Qeyd edək ki, martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçirilib. İclasda 23 ölkədən nümayəndələr, 6 beynəlxalq təşkilat və 44 şirkət, eləcə də, Azərbaycandan və Aİ ölkələrindən nazirlər, nazir müavinləri və digər yüksək vəzifəli şəxslər iştirak ediblər.
X: @Lyaman_Zeyn
