Bakı. Trend:
Azərbaycan ixrac həcmini əhəmiyyətli dərəcədə artırmaqla, 2024-cü ilin dekabr ayında Türkiyədə ən iri təbii qaz tədarükçülərinin üçlüyündə yerini möhkəmlədib.
Bu barədə Trend Türkiyənin enerji bazarlarının nizamlanması üzrə idarəsinə (EPDK) istinadən xəbər verir.
2024 –cü ilin dekabr ayında Türkiyə Azərbaycandan 1,037 milyard kubmetrdən çox təbii qaz idxal edib, bu isə 2023-cü ilin dekabr ayının göstəriciləri ilə müqayisədə (932,02 milyon kubmetr) 7,83 faiz çoxdur. Bu, Azərbaycanın Türkiyədə boru kəməri ilə nəql olunan qazın tədarükçüləri arasında (Rusiya Federasiyasından sonra) ikinci yeri tutmasına şərait yaradıb. Beləcə, Azərbaycan aylıq tədarük həcmlərinə görə İran İslam Respublikasını geridə qoyub.
Həmin müddət ərzində Türkiyə İran İslam Respublikasından 552,17 milyon kubmetr təbii qaz idxal edib ki, bu da bir il öncəki göstərici ilə müqayisədə (781,49 milyon kubmetr) 29,34 faiz azdır.
Rusiya Federasiyası isə Türkiyənin ən iri qaz təchizatçısı statusunu qoruyub saxlaya bilib. Adıçəkilən ölkə dekabr ayında Türkiyəyə 2,835 milyard kubmetrdən çox təbii qaz ixrac edib. Bu, 2023-cü ilin dekabr göstəriciləri ilə müqayisədə 42,85 faiz çoxdur.
Bütövlükdə təbii qazın Türkiyəyə idxalı öncəki ilin göstəriciləri (6,06 milyard kubmetr) ilə müqayisədə 21,46 faiz artaraq, 2024-cü ilin dekabr ayında 7,36 milyard kubmetrə çatıb.
Boru kəməri ilə idxal olunan qaz 4,4 milyard kubmetr (17,44 faiz artım), sıxılmış təbii qazın (STQ) idxalı isə 28,06 faiz artaraq, 2,9 milyard kubmetrə çatıb.
X: @Lyaman_Zeyn