Azərbaycanda ani ödənişlərin payı 54%-ə çatıb - Mərkəzi Bank

Energetika Materials 9 İyun 2026 10:42 (UTC +04:00)
Azərbaycanda ani ödənişlərin payı 54%-ə çatıb - Mərkəzi Bank
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda ani ödənişlərin payı 54%-ə çatıb.

Trend-in müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı sədrinin müavini Vüsal Xəlilov Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti"ndə bildirib.

V. Xəlilov qeyd edib ki, bu göstəricinin artımı Mərkəzi Bankın siyasət və nəzarət, texnoloji inkişaf və məhsulların idarə olunması sahələrində gördüyü işlər, eləcə də bazar iştirakçılarının səyləri nəticəsində mümkün olub.

Onun sözlərinə görə, yaxın dövrdə sistemin əhatə dairəsinin daha da genişlənməsi və göstəricilərin artımı gözlənilir.

“Vətəndaşlar artıq QR-kod vasitəsilə təsərrüfat subyektlərində ödəniş həyata keçirə bilirlər.

QR-ödənişlər tamamilə ölkə daxilində emal olunur və hazırda bazarda ən ucuz ödəniş növü hesab edilir”, – deyə o bildirib.

V. Xəlilov əlavə edib ki, bu, təsərrüfat subyektləri üçün xərclərin azaldılması və rəqabət qabiliyyətinin artırılması imkanları yaradır, eyni zamanda bazarda xərc problemi üzərində müsbət təsir göstərə bilər.

Qeyd olunur ki, hazırda AsQR həllinin infrastrukturunun genişləndirilməsi və əlavə imkanların inkişaf etdirilməsi istiqamətində iş aparılır.

Onun sözlərinə görə, bu tədbirlər xərclər məsələsinin həllinə yönəlib.

V. Xəlilov həmçinin bildirib ki, dünya üzrə rəqəmsallaşma və nağdsız ödənişlərin artması ilə yanaşı kiber təhdidlərin və saxtakarlıq hallarının sayı da artır.

“Azərbaycan Mərkəzi Bankı tərəfindən siyasət və nəzarətin təkmilləşdirilməsi, eləcə də saxtakarlığın qarşısının alınması üzrə minimal tələblər və qaydaların tətbiqi daxil olmaqla kompleks tədbirlər həyata keçirilir."

Onun sözlərinə görə, ayrı bir istiqamət FinCERT və Antifraud Mərkəzinin fəaliyyəti ilə bağlıdır.

Mərkəzi Bankın FinCERT strukturu beynəlxalq akkreditasiyadan uğurla keçərək FIRST təşkilatına tamhüquqlu üzv kimi qəbul edilib.

Bir sıra təşkilatlarla məlumat mübadiləsi aparılır, həmçinin rəqəmsal və normativ bazanın daha da inkişaf etdirilməsi planlaşdırılır.

İlin sonunadək saxtakarlığa qarşı yeni qaydaların tətbiqi gözlənilir.

V. Xəlilov əlavə edib ki, bu tədbirlər təşkilatlara riskə əsaslanan daxili yanaşma tətbiq etməyə və risk səviyyəsinə uyğun öz qaydalarını formalaşdırmağa imkan verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti