...

Heydər Babayev: Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin iqtisadi faydasına şübhə etmək səriştəsizlikdən irəli gəlir

Energetika Materials 9 Noyabr 2005 18:08 (UTC +04:00)

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin iqtisadi faydasına şübhə etmək ya səriştəsizlikdən, ya da ədavətdən irəli gəlir. Trend bildirir ki, bu fikri çərşənbə günü AR iqtisadi inkişaf naziri Heydər Babayev RİA Novosti-yə müsahibəsində bəyan edib.

"BTC neft boru kəmərinə aid bütün mənfi ekspert qiymətləri, bu layihənin iqtisadi yox, siyasi baxımdan daha məqsədəuyğun olması barədə bəyanatlar ya səriştəsizlikdir, ya da siyasi ədavətdən irəli gəlir" -deyə o bildirib.

"BTC layihəsinin nadir olması onun həm siyasi mükəmməlliyində, həm də iqtisadi baxımdan məqsədəuyğun olmasındadır" - deyə nazir vurğulayıb.

"Bu layihənin kommersiya cəhətdən cəlb ediciliyi ona digər ölkələrin qoşulmasındadır. Neft hasilatının bugünkü həcmi başlanğıcdır. Perspektivdə Azərbaycanın neft emalı sənayesinin dirçəlişindən söhbət gedir" -deyə Babayev qeyd edib.

"Neft emalının gərəkliliyini burada neft hasil edən beynəlxalq neft konsorsiumunun üzvləri də başa düşür. Burada hasil edilən nefti biz indi tamamilə ixrac edirik, amma vaxt gələcək ki, biz onu emal edəcəyik" -deyə o bildirib.

Rusiyanın neft nəhəngləri Azərbaycanın neft emalı sənayesinə qoşula bilərmi? - sualına cavab olaraq nazir bildirib ki, "indi Rusiyanın "Lukoyl" şirkəti Azərbaycanda bir sıra layihələrdə iştirak edir". "Rusiyanın digər şirkətləri hələlik Azərbaycan bazarında yoxdur. Bilmirəm bu, nə ilə bağlıdır" -deyə Babayev qeyd edib.

"Rusiya şirkətlərinin iştirakı məsələsi müzakirələr üçün həmişə açıqdır və biz təkliflər gözləyirik. Bu barədə həm Heydər Əliyev, həm də İlham Əliyev dəfələrlə bildirib" -deyə iqtisadi inkişaf naziri vurğulayıb.

"Bu, onunla əlaqədar ola bilər ki, Rusiya şirkətlərinin hələlik daxili ehtiyatları vardır.Daxili ehtiyatlar qurtaranda xarici ekspansiya başlayır" -deyə nazir qeyd edib.

Xəbər lenti

Xəbər lenti