...

"Kaşağan" yatağından BTC ilə neftin ixracı ildə 9 mln. tona çatacaq

Energetika Materials 27 Yanvar 2006 17:58 (UTC +04:00)

Qazaxıstanın "Kaşağan" yatağında neft hasilatının baş planı Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə xammal ixracını 2008-ci ildə müqavilə sahəsinin işlənib hazırlanmasının birinci mərhələsində 570,3 min ton (ildə) təmin etməyə imkan verəcək. Bu barədə Trend ə layihəyə yaxın mənbələrdən məlum olub.

"Kaşağan" layihəsinin səhmdarları və eyni zamanda BTC-də olan sərmayəçilər aşağıdakı şirkətlərdir: Eni, Inpex, TOTAL və ConocoPhillips. "Kaşağan" PSA üzrə tərəfdaş şirkətlər: ENI 18,52%; KazMunayQaz NŞ 8,33%; ExxonMobil Kazakhstan Inc. 18,52%; Shell Kazakhstan Development B.I. 18,52%; Total Kazakhstan 18,52%; ConocoPhillips 9,26%; Inpex North Caspian Ltd. 8,33%.

Mənbələrin məlumatına görə, 2010-cu il üçün BTC boru kəməri ilə ildə 3,42 mln. ton neft nəql etmək nəzərdə tutulur. "Bu dövrdə yataqda ümumi neft hasilatı gündəlik 450 min bar. təşkil edəcək" -deyə mənbə qeyd edir.

2013-cü il üçün BTC ilə ildə "Kaşağan"da gündəlik 900 min bar. hasilatla 6,84 mln. ton neft tədarük olunacaq. 2016-cı il üçün sahədə gündəlik ümumi 1,2 mln. bar. hasilat olmaqla BTC ilə 9,125 mln. ton neft tədarük olunması nəzərdə tutulur.

BTC-yə, əsasən "Azəri-Çıraq-Günəşli" yatağından Azəri Light nefti vurulacaq. BTC boru kəmərinin layihə buraxılış qabiliyyəti ildə 50 mln. ton neft təşkil edir. Kimyəvi reagentlərin istifadəsi və nasos stansiyalarının inşası hesabına 70-80 mln. tonadək gücdə genişləndirilmə perspektivləri vardır. Birinci mərhələdə (2005-ci ildən 2008-9-cu illərədək) boru kəmərinin gücü 25 mln. ton olacaq. 2008-9-cü illərdən isə kəmərin gücü artıq 50 mln. ton təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti