...

BP-nin vitse-prezidenti: 2009-cu ildə bütün dünya neftinin 4%-i BTC və Türkiyə boğazları vasitəsilə nəql ediləcək

Energetika Materials 22 May 2006 12:33 (UTC +04:00)

"Biz Bakı-Tiflis-Ceyhan neft kəmərinin inşasına böyük vəsait sərf etmişik. Çünki bilirdik ki, artıq 2009-cu ildə bütün dünya neftinin 4%-i Türkiyədən, həm BTC, həm də Dardanel və Bosfor boğazları vasitəsilə nəql ediləcək. Trend in xəbər verdiyi kimi, bu barədə mayın 22-də Türkiyə KİV-nə müsahibəsində BP-nin vitse-prezidenti İan Palliser (Ian Palliser) bəyan edib.

İ.Palliser qeyd edib ki, artıq uzun illərdir ki, BP Türkiyə hökuməti ilə BTC layihəsinin gerçəkləşdirilməsi üzərində işləyir. Neft kəmərinin inşası başa çatmaq üzrədir. Yazda isə birinci tanker Ceyhan terminalından yola düşəcək. "Bu, Türkiyəyə neft və qaz istehsalçıları, o cümlədən Avropa və digər bazarlar arasında "energetika körpüsü" rolunu oynamağa imkan verəcək", - deyə o bildirib.

BP-nin vitse-prezidenti qeyd edib ki, BTC-nin açılış mərasimi yayda keçiriləcək. "BTC işə salındıqdan sonra Türkiyə boğazlarının yüklənməsi azaldılacaq", - deyə İ. Palliser vurğulayıb.

"Biz həmçinin, boğazlar vasitəsilə də tankerlər göndəririk ki, bu da Bosfor və Dardanel boğazlarının yüklənməsini artırır. BTC ilə nə qədər çox neft nəql edilərsə, boğazlar vasitəsilə o qədər az həcmdə xammal göndəriləcək", - deyə İan Palliser sonda bildirib.

Xəbər lenti

Xəbər lenti