...

Azərbaycan Dövlət Neft Şirkəti və Türkiyənin Turcas şirkəti birgə müəssisə yaradıblar

Energetika Materials 6 Dekabr 2006 18:34 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və Türkiyənin "Turcas" neft şirkəti idarə heyətinin sədri Ərdal Aksoy müştərək şirkət yaradılmasına dair protokol imzalayıblar. Bu barədə Trend "Azərtac"a istinadən xəbər verir.

"ARDNŞ-Turcas Enerji AŞ" adlanacaq şirkətin yaradılmasında məqsəd -Ceyhanda neftayırma üzrə sərmayələri müəyyənləşdirmək, təbii qazın idxalı və topdan satışını həyata keçirmək, habelə "Turcas"ın Xəzərdə neft yataqlarının kəşfiyyatı və hasilat işində iştirakını təmin etməkdir.

İmzalanma mərasimindən sonra keçirilmiş mətbuat konfransında ARDNŞ prezidenti Rövnəq Abdullayev son 10 ayda Azərbaycanda neft hasilatının rekord səviyyəyə çatdığını bildirib. Onun sözlərinə görə, Azərbaycanda 2010-cu ildə 60 milyon ton neft hasil olunacaq. Azərbaycanın indi xarici ölkələrin neft sektoruna sərmayə qoymaq gücündə olduğunu diqqətə çatdıran ARDNŞ-in prezidenti Türkiyənin bu sərmayələrin qoyulması üzrə üçüncü ölkə olduğunu bildirib.

Ərdal Aksoy da ARDNŞ ilə birlikdə "Şahdəniz" qazını dünya bazarlarına çıxarmaq üçün geniş əməkdaşlıq planının hazırlandığını söyləyib. Bu sahədə həyata keçiriləcək layihələrin dəyərinin 1 milyard dollardan başlayacağnı qeyd edən "Turcas"ın rəhbəri əsas hədəfin 4 il müddətində Ceyhanda illik istehsal həcmi 20 milyon ton olan iri neftayırma zavodunun işə salınması olduğunu qeyd edib. İlkin sərmayənin 51 faizi Azərbaycana, 49 faizi isə Türkiyəyə məxsus olacaq.

Xəbər lenti

Xəbər lenti