...

Gürcüstan "Şahdəniz" yatağından qaz tədarükünə ümid edir

Energetika Materials 8 Dekabr 2006 14:11 (UTC +04:00)

Gürcüstan, Azərbaycan və Türkiyənin energetika nazirləri bu gün Tbilisidə Azərbaycanın "Şahdəniz" yatağından Türkiyənin normasından əlavə təbii qaz həcmlərinin Gürcüstana verilməsi haqqında məsələni müzakirə edəcəklər. Gürcüstanın Energetika Nazirliyindən Trend in xüsusi müxbirinə verilən xəbərə görə, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Gülər və Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevi onların gürcü həmkarı Nika Gilauri qarşılayacaq.

Görüşdə nazirlər Gürcüstanın Türkiyənin norması hesabına Cənubi Qafqaz qaz kəməri vasitəsilə qışda alacaqları qaz həcmləri haqqında qəti qərar qəbul edəcəklər.

"Həmçinin bölgənin enerji təhlükəsizliyi və enerji sahəsində digər münasibətlərin inkişafı məsələlərinin müzakirə edilməsi planlaşdırılır", - deyə Gürcüstanın Energetika Nazirliyindən məlumat verilib.

Gürcüstan, Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşünün təşkil edilməsi haqqında qərar Gürcüstanın baş naziri Zurab Noqaidelinin Bakıya işgüzar səfəri zamanı qəbul olunub.

Gürcüstan baş nazirinin fərmanı ilə Azərbaycan və Türkiyə energetika nazirlərinin Gürcüstan səfərinin təşkil edilməsinə 11 min ABŞ dolları ayrılıb.

1 yanvar 2007-ci ildən "Qazprom" Gürcüstan üçün qazın 1 min kubmetrinin dəyərini 110 ABŞ dollarından 230 ABŞ dollarına qədər artırır. Gürcüstan hökümətində Rusiya qazının qiymətinin artırılmasını "iqtisadi deyil, siyasi qərar kimi" qiymətləndiriblər. Alternativ qaz mənbələrinin axtarışında Gürcüstan İran, Azərbaycan və Türkiyə ilə danışıqlar aparır.

Xəbər lenti

Xəbər lenti