...

Elektrik enerjisi, qaz və sudan istifadə edib dəyərini ödəməyənlərə qarşı cinayət işi açılmasını nəzərdə tutan layihə qəbul olunub

Energetika Materials 19 Dekabr 2006 16:03 (UTC +04:00)

Dekabrın 19-da Milli Məclisin növbəti iclası keçirilib. Trend xəbər verir ki, iclasda qaz, elektrik enerjisi, sudan istifadə edib onun dəyərini ödəməyənlərinə qarşı cinayət məsuliyyətini nəzərdə tutan layihə müzakirə olunub. "Azərenerji" SC-nin vitse-prezdenti Marlen Əsgərov bildirib ki, rayonlarda əhali qaz, elektrik enerjisi və sudan istifadə edən zaman qanun pozuntularına yol verirlər. O qeyd edib ki, belə şəxslərə qarşı ciddi tədbirlərin görülməsi vacibdir. "Abunəçilər sayğacları sındırırlar, istifadə etdikləri elektrik enerjinin, qazın və suyun dəyərini ödəməyirlər. Onlar elektrik, qaz və su xəttlərindən oğurluq edirlər", -deyə M.Əsgərov bildirib.

M.Əsgərov daha sonra ayrı-ayrı rayonlar üzrə sayğacların quraşdırılmasına dair məlumatı açıqlayıb. Onun sözlərinə görə, rayonlarda əhalinin böyük bir hşissəsi sayğacların quraşdırılmasına pis münasibət bəsləyir. "Neftçala, Tovuz və Şəmkir rayonlarında əhali üçün quraşdırılan sayğacların böyük bir hissəsi sıradan çıxarılıb. Azərenerji olaraq bizim bu məsələyə təsir etmək imkanımız yoxdur. Ona görə də, işığı kəsmək məcburiyətində qalırıq"

O, İmişli rayonunda əhali üçün quraşdırılan sayğaclar haqqında məlumat verdi. Eyni zamanda bildirdi ki, Qazax rayonunda əhali istifadə etdiyi enerjinin haqqını 92, 7% ödəyib. Ona görə də bu rayona bütün sutka ərzində enerji verilir. "O rayonlarda ki, enerjinin haqqının ödənməsi 30-35%-i keçmir, həmin rayonlara enerji fasilələrlə verilir".

M.Əsgərov vurğulayıb ki, rayonlarda enerji haqlarını yığan Azərenerjinin müfətişləri də qanun pozuntularına yol verirlər. Belə hallara Lənkəran, Əlibayramlı, Xanlar və digər rayonlarda rast gəlinir. "Hər bir məhsulun öz qiyməti var. Əgər onu istifadə etmisənsə, haqqını ödəməlisən. Bunu etməyənlərə, israfçılığa və oğurluğa yol verənlərə qarşı cinayət işinin açılmasını nəzarə tutan qanunun qəbul edilməsi vacibdir".

Millət vəkili Aydın Həsənov isə deputat seçildiyi Cəlilabad rayonundakı vəziyyətə toxundu. Onun sözlərinə görə, Cəlilabada elektrik enerjisi və qaz verilmir. "Pulu dövlət tərəfindən ödənilən məktəblərin, uşaq bağçaları və xəstəxanaların işığı və qazı kəsilib. Bu məsələdə hər iki tərəf haqqında cinayət işi açılması nəzərdə tutulmalıdır. Əhalinin vəziyyəti nəzərə alınıb, çıxış yolu tapılmalıdır, əks təqdirdə sovet dövründən qalan inzibati vasitələrdən istifadə etmək heç bir effekt verməyəcək, ona görə də layihə geri qaytarılıb, yenidən işlənilməlidir".

Deputat Nizami Cəfərov isə bu məsələdə heç bir qüzəştin edilməməsini və daha sərt qanunların qəbul edilməsinin vacibliyini vurğulayıb. "Güzəş t heç nəyi həll etməyəcək".

Gərgin keçən müzakirələrə parlamentin hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri, deputat Əli Hüseynov aydınlıq gətirib. O bildirib ki, layihədə elektrik enerjisi, qaz və sudan istifadə edənlərə deyil, oğurluq, israfçılıq və talançılıq edənlərə qarşı cinayət işinin açılması nəzərdə tutulur. "Lahiyəyə görə belə şəxslərə iki dəfə xəbərdarlıq olunur, 3-cü dəfə məhkəməyə verilir, 4-cü dəfə isə belə şəxslər haqqında cinayət işi qaldırılacaq". Layihəyə görə, belə şəxsləri maksimum 3 il müddətinə azadlıqdan mərhum etmə cəzası gözləyir. Əli Hüseynov bildirib ki, əgər 3 il müddətinə həmin şəxslər dövlətə vurduqları ziyanı, istifadə etdikləri qazın, suyun və enerjinin haqqını ödəyərlərsə, həmin şəxslər azadlığa buraxılacaqlar.

Gərgin keçən müzakirədən sonra layihə qəbul edilib.

Xəbər lenti

Xəbər lenti