...

Azərbaycan Dövlət Neft Şirkətinin Ekologiya idarəsi ətraf mühitin sağlamlaşdırılması istiqamətində tədbirlər həyata keçirir

Energetika Materials 21 Dekabr 2006 13:53 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" çərçivəsində ARDNŞ bu istiqamətdə bir sıra məqsədyönlü tədbirlər hazırlayıb. Bu barədə Trend ARDNŞ-in məlumatına istinadən xəbər verir.

O cümlədən, ARDNŞ-də yeni Ekologiya idarəsi yaradılıb. İdarənin tərkibində Ekspedisiya bölməsi, müasir tələblərə cavab verən avadanlıqlarla təchiz edilmiş laboratoriya kompleksi, landşaftın bərpası ilə məşğul olan torpaqların rekultivasiya bölməsi və ekoloji problemlərin tədqiqi məqsədilə xüsusi monitorinq bölməsi yaradılıb.

İdarənin balansında torpaqların neftdən təmizlənməsi üçün 50 kubmetr/saat gücə malik qurğusu və istehsal sahəsi fəaiyyət göstərir.

Ölkənin neft sənayesi obyektlərinin tarixən əsasən Abşeron yarımadasında yerləşməsi ona gətirib çıxarıb ki, bölgənin 33,3 min hektar ərazisi deqradasiyaya məruz qalıb. Deqradasiya olunmuş landşaftın 10,6 min hektardan çoxu, və ya 31,8 %-i Balaxanı, Suraxanı və Binəqədi neft mədənlərinin payına düşür.

ARDNŞ-nin Ekologiya idarəsi həmin ərazilərin monitorinqini keçirib və monitorinqin nəticələri əsasında "Balaxanıneft" NQÇİ-nin 1,1 hektar sahəsinin rekultivasiyası layihəsi hazırlanıb və yerinə yetirilib. Hazırda İdarə tərəfindən "Balaxanıneft" NQÇİ-nin 2,7 hektar sahəsinin rekultivasiyası həyata keçirilir.

2007-ci ildə Bibiheybət zonasında 126 hektar, Abşeron yarımadasında 400 hektar neftlə çirklənmiş torpaqların rekultivasiyası nəzərdə tutulub. Bundan başqa İdarə tərəfindən bir sıra iri layihələrin, o cümlədən Abşeron yarımadasının ekoloji xəritəsinin hazırlanması, istehsalat-məişət tullantılarının təmizlənməsi və təkrar istifadəsi üçün təmizləmə qurğularının layihələndirilməsi və quraşdırılması, Böyük Şor gölünün təmizlənməsi və s. işlərin həyata keçirilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti