...

Azərbaycan Dövlət Neft Şirkəti xaricdə dəniz neft-qaz layihəsində iştirak edə bilər

Energetika Materials 9 Fevral 2007 12:53 (UTC +04:00)

Bu həftə İslamabadda keçirilən Azərbaycan-Pakistan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının dördüncü iclası zamanı tərəflər neft və qaz, kənd təsərrüfatı və yüngül sənaye sahəsində birgə layihələrin yaradılması haqqında razılığa gəliblər. Bu barədə Trend xəbər verir.

Azərbaycan Dövlət Neft Şirkətinin Pakistan ərazisində, xüsusilə də dəniz şelfində neft-qaz əməliyyatlarında iştirak etmə ehtimalı istisna olunmur. Tərəflər neft və qaz kəmərlərinin tikintisi üzrə təcrübə mübadiləsi aparmaq barədə razılaşıblar.

Pakistan tərəfi Azərbaycandan neft və neft məhsullarının, o cümlədən, maye qaz və çiyidli pambığın idxalına ümid edir.

Komissiya Azərbaycan hökumətinin baş nazirinin birinci müavini Yaqub Eyyubovun və Pakistanın neft və təbii sərvətlər naziri Əmanulla Xan Cadunun sədrliyi altında keçirilib.

İclas zamanı həmçinin informasiya texnologiyaları məsələləri üzrə məsləhətləşmələr aparılıb, o cümlədən, beynəlxalq telefon danışıqlarının tariflərinin azaldılması məsələsi müzakirə edilib. Kənd təsərrüfatı, bank sahəsi kimi sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib, Pakistan tərəfi bank əməkdaşlarının ixtisasının artırılması kurslarını təşkil etməyi təklif edib.

Komissiyanın işinin yekunları üzrə həmçinin komissiyanın növbəti iclasının 2010-cu ildə Bakıda keçirilməsi haqqında razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti