...

Cəlilabadın bir hissəsi 7 gündür ki işıqsızdır

Energetika Materials 26 Fevral 2007 14:28 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/ Trend müxbir A.Həsənov / Fevral ayının 19-dan etibarən, Cəlilabad rayonunun bir hissəsi tamamilə işıqsız qalıb. Rayon sakinlərinin verdiyi məlumata əsasən, rayon paylayıcı elektrik şəbəkəsinin müdiri Miralim Qəmbərli şəhərin Babək küçəsində yerləşən transformatoru kabelləşmə üçün ayırıb. Üstündən bir həftə keçməsinə baxmayaraq, nə kabel çəkilir, nə də işıq verilir. Ərazidə yaşayan insanlar isə hələ də işıqsızdır.

Cəlilabad RİH-in başçısının 1-ci müavini Asif Əzizov Trend ə məlumat verərək deyilənləri təsdiq edib. O, həqiqətən şəbəkə rəhbərliyinin yarıtmazlığını qeyd edərək, bu haqda müvafiq göstərişlər verdiyini, sakinlərin tezliklə işıqla təmin olunacaqlarını bildirib.

Cəlilabadlıların əksəriyyəti M. Qəmbərlinin işindən narazılıq edir. Abonentlər sayğacda göstərilən rəqəmdən asılı olmayaraq, hər ay 12 manat pul ödənilməsinin tələb olunduğunu deyir. Rayonda işıq pulu, əsasən, mərkəzi Poçtamtın kassasına ödənildiyi üçün poçtamtın kassirinə tapşırıq verilib ki, 12 manatdan az pul verən abonentdən işıq pulu qəbul edilməsin.

Rayon Mərkəzi Poçtamtın rəisi bunu təsdiq edib və bildirib ki, 12 manatdan az pul verənlər işıq idarəsindən bildiriş təqdim etməlidir.

Sakinlər onu da bildiriblər ki, şəhərdə sayğaclaşma getsə də, sayğacdan kənar işıqdan istifadə edilir, şəbəkənin rəhbərliyi özü buna şərait yaradır ki, əlavə pul yığıb "cibə qoymaq" mümkün olsun. Şəbəkə rəisi sayğacdan kənar işıq yandıranların olması ilə razılaşsa da, "cib" məsələsində razılaşmadı.

Xəbər lenti

Xəbər lenti