...

Hesablama palatası Azərenerji ASC-də bir sıra çatışmazlıqlar aşkar edib

Energetika Materials 27 Fevral 2007 11:44 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ Azərbaycan Hesablama Palatası (AHP) "Azərenerji" ASC-də 2005-ci ildə və 2006-cı il iyulun 1-dək dövlət büdcəsinin "Sənaye və Tikinti xərcləri" bölməsindən ayrılan vəsaitlər üzrə aparılmış auditin yekunlarını müzakirə edib. Audit həmçinin Sumqayıt şəhərində 506 MVT gücündə buxar-qaz qurğusunun tikintisinə ayrılan vəsaitlərin istifadəsi üzrə də aparılıb. Bu barədə AHP-dən çərşənbə axşamı məlumat verilib.

Auditin yekununa görə aydın olub ki, modul elektrik stansiyalarının və Sumqayıtda 506 MVT gücündə buxar-qaz qurğusunun tikintisi zamanı ehtimal olunan qiymətlərin dəqiq hesabatı aparılmadan "Azərenerji" ASC podratçılarla birbaşa müqavilə bağlayıb. Beləliklə, dövlət satınalmaları haqqında qanunun tələbləri pozulub.

Həmçinin layihələrdə tikinti norma və qaydalarına, Nazirlər Kabinetinin müvafiq qərarlarına və normativ sənədlərə əməl olunmayıb, o cümlədən tikinti işləri başa çatdırılmadan həmin obyektin tikintisinə nəzərdə tutulmayan işlər üçün ayrılan vəsaitdən avans ödənib.

AHP auditinin müzakirələrində iştirak edən Azərenerji əməkdaşları qeyd edib ki, ödənilmiş avanslar 2007-ci ildə nəzərə alınacaq.

Auditin yekununa görə Azərenerji rəhbərliyinə və Milli Məclisə məlumat verilməsi barədə qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti