...

Ekspert:Azərbaycan Burqas-Aleksandrupolis neft kəmərinin rəqabət şəraitini qiymətləndirməlidir

Energetika Materials 16 Mart 2007 13:29 (UTC +04:00)
Ekspert:Azərbaycan Burqas-Aleksandrupolis neft kəmərinin rəqabət şəraitini qiymətləndirməlidir

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/Bakı-Tbilisi-Ceyhan boru kəmərini idarə edən BTC Co boru kəməri şirkəti real olaraq Transbalkan Burqas-Aleksandrupolis boru kəmərinin rəqabət şəraitini qiymətləndirməlidir. Bu barədə bu gün ADNŞ-nin eks-prezidenti, hazırda Sahibkarlıq və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun rəhbəri Sabit Bağırov bildirib.

Rusiya, Bolqarıstan və Yunanıstan Afinada Burqas-Aleksandrupolis neft kəmərinin inşası barədə müqavilə imzalayıb. Bu boru kəmərinin tikintisi təxminən 13 il müzakirə edilib. Layihənin dəyəri hələ səsləndirilmir. İlkin qiymətləndirmələrə görə, bu, təxminən 1 mlrd. dollar təşkil edir. "Burqas-Aleksandrupolis boru kəməri BTC üçün real rəqibdir", - deyə o bildirib.

Onun sözlərinə görə, boru kəmərinin sahibi olan şirkətlərin neft ixracatçılarına və tranzit dövlətlərin hökumətinə təklif edəcəyi şərtlərdən çox şey asılı olacaq.

BTC boru kəmərinin ümumi uzunluğu 1768 kilometr təşkil edir: 443 km - Azərbaycanda, 249 km-Gürcüstanda, 1076 km-Türkiyədə. Boru kəmərinin 8 nasos stansiyası var: ikisi Azərbaycanda, ikisi Gürcüstanda, dördü Türkiyədədir. Boru kəmərinin nəqletmə gücü 1 milyon barreldir. Neft kəmərin bir ucundan digər ucuna 10 gün ərzində çatır.

"Şübhəsiz ki, ixracatçılar Avropa bazarlarına nefti yaxşı tariflər, nəqletmənin təhlükəsizliyi, həmçinin yaxşı istismar və vaxtlı-vaxtında çatdırma təklif edəcək boru kəməri vasitəsilə çatdıracaq", - deyə o bildirib.

Bir sıra ekspertlər hesab edir ki, Bakı-Tbilisi Ceyhan və Burqas-Aleksandrupolis boru kəmərləri bir-birinə rəqib deyil, çünki layihələr müxtəlif məqsədlər üçün yaradılıb.

"Əlbəttə ki, Burqas-Aleksandrupolis boru kəməri KTK-nin genişlənməsindən sonra o, BTC-yə daxil ola biləcək "Tengiz" yatağının həcmini də özünə çəkə biləcəyi istisna edilmir",- ekspertlər hesab edir.

BTC Co və "Tengizşevroil" konsorsiumu artıq "Tengiz" yatağından Bakı-Ceyhan boru kəməri vasitəsilə kiçik neft partiyalarının ötürülməsi barədə razılığa gəlib. Konsorsiuma Amerikanın ChevronTexaco şirkəti rəhbərlik edir. Hazırda "Tengiz" yatağından neft Novorossiysk limanına qədər KTK boru kəməri vasitəsilə ixrac olunur.

Xəbər lenti

Xəbər lenti