...

Mitsubishi Azərbaycanda qazın utilizasiyası layihəsini hyata keçirəcək

Energetika Materials 10 Aprel 2007 19:20 (UTC +04:00)

Azərbaycan, Baku / Trend / Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və Yaponiyanın "Mitsubişi" Korporasiyası arasında çərşənbə axşamı "Bakı şəhərində tullantı poliqonlarında yığılmış metan qazının utilizasiyası ilə bağlı təmiz inkişaf mexanizminin tətbiqi" layihəsi üzrə Anlaşma Memorandumu imzalanıb. Bu barədə nazirliyin məlumatında göstərilib.

Sənəd iqtisadi inkişaf naziri Heydər Babayev və Yaponiyanın "Mitsubişi" Korporasiyasının Avropa üzrə vitse-prezidenti Yoçi Kanno tərəfindən imzalanıb.

Memoranduma əsasən, Yaponiyanın "Mitsubişi" şirkəti öz vəsaiti hesabına layihənin Texniki İqtisadi Əsaslandırılmasını hazırlayacaq.

"Mitsubişi" şirkəti Azərbaycanda ilk dəfə "Təmiz İnkişaf Mexanizmi"ni tətbiq edərək mövcud tullantı poliqonlarının öz hesabına sağlamlaşdırılmasını təklif edir.

Məlum olduğu kimi, poliqonlarda yığılmış tullantıların ətraf mühitə mənfi təsir göstərməsi, onların tədricən çürüməsi nəticəsində insan orqanizmi üçün zərərli metan qazının formalaşması və ətrafdakı yaşayış məntəqələrinin sakinləri üçün təhlükə mənbəyi olması bu tullantıların utilizasiyasını zəruri edən amillərdəndir.

Layihənin icrası nəticəsində Emissiyanın Azaldılması Sertifikatının əldə olunması və onun inkişaf etmiş ölkələrdən birinə satılması nəzərdə tutulur.

Kioto protokoluna görə, inkişaf etmiş ölkələr ətraf mühitə istixana effektli qazların buraxılmasının azaldılması ilə bağlı üzərlərinə götürdükləri kvotaların müəyyən hissəsini başqa ölkələrdə istixana effektli qazların emissiyasını azaltmaqla ödəyə bilərlər.

Yığılmış metan qazı elektrik enerjisinin istehsalı üçün istifadə ediləcək. Bu məqsədlə, poliqonun ərazisində qaz rezervuarları və emal qurğuları yaradılması nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti