Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ 2007-ci ildə Azərbaycanın Dövlət Neft Fondu (ARDNF) ölkədə gerçəkləşdirilən neft-qaz layihələri çərçivəsində 70 milyon dollarlıq bonus ödəmələrini gözləyir. Bu barədə bazar ertəsi günü keçirdiyi brifinqdə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov məlumat verib.
Onun sözlərinə görə, birinci rübdə fond "Qaraçuxur" yatağının reabilitasiyası və işlənməsini nəzərdə tutan müqavilənin reallaşması nəticəsində "Middle East Petrol" şirkətindən 1 milyon dollar alıb.
"Qaraçuxur" üzrə PSA tipli müqavilə ARDNŞ-lə (25 faizlik pay iştirakı) Çinin "Sheng Li" və "Middle East Petrol"un yaratdığı "Noble Sky" (75 faizlik pay iştirakı) arasında imzalanıb. "Qaraçuxur" yatağında qalan neftin həcmi 5,645 mln. ton təşkil edir.
Mövsümovun sözlərinə görə, 2007-ci ildə fond "Yalama" (blok D-222) perspektiv strukturunun işlənməsi layihəsi çərçivəsində Rusiyanın "LUKOİL" şirkətindən 20 mln. dollarlıq bonus ödəmələrini gözləyir.
Həmçinin "Şahdəniz" qaz yatağının işlənməsindən 45 mln. dollar gözlənilir.
"İkinci rübdə bu vəsaitlər ( "Şahdəniz" layihəsindən) fonda daxil olacaq" - deyə Mövsümov bildirib.