...

Azərbaycan 2007-ci ildə Yunanıstana 400 milyon kubmetr qaz satmaq istəyir

Energetika Materials 3 İyul 2007 19:44 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu il Yunanıstana qaz nəql etmək niyyətindədir. Bu barədə çərşənbə axşamı mətbuat konfransında Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

Türkiyə və Yunanıstan arasında imzalanmış müqaviləyə əsasən, bu il Yunanıstana 800 mln. kubmetr qaz tədarük olunacaq.

Onun sözlərinə görə, ARDNŞ Yunanıstana bu həcmin yarısı qədər qaz tədarük etmək niyyətindədir. Türkiyə və Yunanıstan arasındakı müqaviləyə əsasən, qazın qiyməti min kubmetr üçün 149 dollar səviyəsində müəyyən olunub.

Çərşənbə axşamı Azərbaycanın "Şahdəniz" qaz-kondensat yatağından Türkiyəyə qaz ixracına başlanılıb. Türkiyəyə qaz Cənubi Qafqaz boru kəməri vasitəsilə ixrac olunur. Razılaşmaya əsasən, Türkiyə üçün "Şahdəniz" qazının qiyməti min kubmetr üçün 80-120 dollar olacaq.

Indi Azərbaycan "Şahdəniz" yatağından sutkada 5 mln. kubmetr qaz alır ki, bu da yeraltı qaz anbarlarına vurulur. Hazırda "Şahdəniz" yatağında 3 quyu istismara tam hazır vəziyyətdədir. Türkiyə qaz qəbul etməyə başladıqdan sonra üç quyuda sutkalıq hasilat 15 mln. kubmetr təşkil edəcək.

Çərşənbə axşamı Türkiyənin Botas şirkətinin yaydığı məlumata əsasən, 2007-ci ildə Türkiyə Azərbaycandan 1,5 mlrd. kubmetr qaz alacaq. 2008-ci ildə bu həcm 5 mlrd. kubmetr, 2009-cu ildə isə 6.6 mlrd. kubmetr təşkil edəcək.

Bu gün ARDNŞ-ın Geologiya və geofizika üzrə vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, "Şahdəniz" yatağının ehtiyatları 1,2 trln kubmetr qaz və 240 mln. ton kondensat həcmində qiymətləndirilir.

"Şahdəniz" yatağından "Mərhələ-1" çərçivəsində ildə 8,6 mlrd. kubmetr qaz çıxarılması nəzərdə tutulub. Bu il yataqdan 5,7 mlrd. kubmetr qaz çıxarılacaq ki, ordan da Azərbaycanın payına 2,7 mlrd. düşür.

"Şahdəniz" layihəsinin işlənilməsi barədə razılaşma 4 iyun 1996-cı ildə imzalanıb. Müqavilənin iştirakçıları: BP (operator) -25,5 faiz, Statoil - 25,5 faiz, NICO - 10 faiz, Total - 10 faiz, LukAgip - 10 faiz, TPAO- 9 faiz, ARDNŞ - 10 faiz.

Xəbər lenti

Xəbər lenti