Gürcüstan, Tbilisi / müx. Trend N.Kirtsxalia / İsrail Azərbaycanın "Şahdəniz" yatağından qaz alınmasında maraqlıdır. Bunu İsrailin Tbilisidəki səfirliyində Gürcüstana səfərə gələn İsrailin infrastruktur naziri Benyamin Ben-Elizer deyib.
Ben-Elizer Gürcüstana bu ölkənin energetika naziri Nika Gilaurinin dəvəti ilə gəlib. İsrailli nazir artıq Gürcüstan prezidenti və baş nazirlə görüşüb. Aparılan müzakirələr zamanı ikitərəfli əlaqələrin inkişafının dərinləşdirilməsi perspektivləri müzakirə olunub.
Ben-Elizer bildirib ki, Tbilisidəki görüşlərdə Gürcüstan rəhbərliyi ilə Azərbaycan qazının Gürcüstan ərazisi ilə İsrailə nəqli məsələsinə də nəzər salıb.
"İsrail Misirlə də qaz nəqli ilə bağlı danışıqlar aparır. Ancaq diversifikasiya məqsədi ilə digər dövlətlərlə, o cümlədən Gürcüstanla müzakirələr aparır" - deyə o vurğulayıb.