...

Nazir: Qazaxıstan Azərbaycandan ildə 55 milyon tondan çox neft tədarük edə bilər

Energetika Materials 24 İyul 2007 19:29 (UTC +04:00)
Nazir: Qazaxıstan Azərbaycandan ildə 55 milyon tondan çox neft tədarük edə bilər

Qazaxıstan, Astana/ Trend müxbir K.Konırova/ Azərbaycan və Qazaxıstan arasında siyasi və iqtisadi sahədə fikir ayrılığı yoxdur. Bunu Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri, Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Bəxtiqoca İzmuxambetov bildirib.

"Azərbaycan və Qazaxıstan - bunlar Xəzər ətrafında yerləşən və işləyən dövlətlərdir. Biz öz imkanlarımızı inteqrasiya etdirməliyik: qazma qurğuları, avadanlıq və nəqliyyat vasitələri və ekoloji məsələlər", - deyə o söyləyib.

Onun sözlərinə görə, Bakı-Tiflis-Ceyhan neft kəməri (BTC) Qazaxıstanın karbohirogen ehtiyatlarının dünya bazarlarına çıxışı üçün yeni bir yoldur.

"Bizim kənd təsərrüfatında da ciddi əlaqələrimiz var. Bakıda taxıl terminalı tikilib", - deyə İzmuxambetov bildirib.

Nazirin sözlərinə görə, Qazaxıstan Azərbaycanla qonşu olan Gürcüstana böyük investisiyalar qoyub. Burada Batumi neft terminalı alınıb.

"Bizim neftimizin bura çatdırılması tranzit ölkə olan Azərbayacanla bağlıdır", - deyə o bildirib.

Qazaxıstanın BTC kəmərinə qoşulması perspektivi ilə bağlı isə nazir bildirib ki, "Kaşaqan" və "Tengiz" yataqlarından çıxarılan Qazaxıstan neftinin Bakı-Tiflis-Ceyhan kəmərinə çatdırılması üçün Eskene-Kurık neft kəmərinin çəkilməsi, Kurık limanında neft terminalının yaradılması planlaşdırılır.

"Transxəzər sisteminin yaradılmasında növbəti addım Qazaxıstan və Azərbaycan hökumətləri arasında, investorlar arasında razılaşmanın imzalanmasıdır",-deyə o söyləyib.

2006-cı ilin iyun ayında Qazaxıstan və Azərbaycan arasında Qazaxıstan neftinin Azərbaycandan Bakı-Tiflis-Ceyhan kəməri vasitəsilə beynəlxalq bazarlara nəqli barədə kömək və yardım haqqında müqavilə imzalanıb.

Nazirin sözlərinə görə, Qazaxıstan Xəzər Nəql Sisteminin yaradılması layihəsi çərçivəsində ilkin mərhələdə illik 23,3 mln. ton neftin nəqlini, gələcəkdə isə bunun 35-56 mln. tona qədər artırılması planlaşdırılır.

"QXNS obyektlərinin istismara verilməsi "Kaşaqan" yatağından hasilatın başlanılması ilə eyni vaxta planlaşdırılır", - deyə o əlavə edib.

İyun ayında Bakıda keçirilən görüşdə ARDNŞ, "KazMunayQaz" MŞ SC nümayəndələri və bir sıra şirkətlər arasında keçirilən görüşdə Şimali Xəzərdə hasilatın pay bölgüsü haqqında razılaşma imzalanıb. Görüş çərçivəsində tərəflər Transxəzər sisteminin həyata keçirilməsi məsələsini də müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti