Azərbaycan, Bakı / Trend A.Bədəlova/ Cümə axşamı İtaliyanın "Edison" şirkətinin baş ofisinin mətbuat xidmətindən Trend a verilən məlumata görə, İtaliya, Türkiyə və Yunanıstan bu gün 2011-ci ildən başlayaraq Mərkəzi Asiyadan qazın Avropaya ixracı məqsədilə qaz kəmərinin tikintisi ilə əlaqədar müqavilə bağlamağı planlaşdırırlar.
Mətbuat xidmətinin nümayəndəsinin sözlərinə görə, müqavilə Romada imzalanır.
Kəmər sisteminə Yunanıstan və İtaliya arasında 212 kilometrlik sualtı sahə də daxil olacaq. Sistem vasitəsilə il ərzində Yunanıstana 11,5 mlrd. kubmetr qaz nəql etmək planlaşdırılır ki, bunun da böyük hissəsi təkrar ixracın payına düşür.
Bu marşrutun köməyilə "Cənubi Qafqaz" qaz kəməri vasitəsilə Türkiyəyə çatdırılan və "Şahdəniz" qaz-kondensant yatağından hasil edilən Azərbaycan qazı da nəql edilə bilər. Kəmərin nəql gücü il ərzində 20 mlrd. kubmetr təşkil edir.