...

ABƏŞ Azərbaycan yatağında üst modulları quraşdırıb

Energetika Materials 27 İyul 2007 16:10 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Günəşli yatağının dərinsulu Günəşli hissəsində, dənizdə dayaq bloku üzərində qazma, texniki təchizat və yaşayış (QTTY) platformasının üst modullarını quraşdırıb. Bu barədə cümə günü ARDNŞ-dən məlumat verilib. Bu layihə Azəri-Çıraq-Günəşli yatağının tam işlənilməsi çərçivəsində həyata keçkirilir.

15.656 ton ağırlığında üst modullar Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) tikinti-quraşdırma sahəsində McDermott Caspian Contractors Inc. şirkəti tərəfindən inşa olunub. Azəri-Çıraq-Günəşli Hasilatın Pay Bölgüsü Sazişinin tərəfdaşları bunlardır: BP (operator - 34,1%), Şevron (10,3%), ARDNŞ (10%), İNPEKS (10%), Statoyl (8,6%), EksonMobil (8%), TPAO (6,8%), Devon (5,6%), İtoçu (3,9%), Hess (2,7%).

QTTY platforması Günəşli yatağının dərinsulu hissəsində suyun 175 metr dərinliyində yerləşir. Günəşli yatağının dərinsulu hissəsindən ilk neftin 2008-ci ildə hasil olunması planlaşdırılır. Bu isə son nəticədə Azəri-Çıraq-Günəşli üzrə dəniz obyektlərinin gündəlik neft hasilatı gücünü ümumilikdə bir milyon bareldən artıq səviyyəyə qaldıracaq.

Faza-3 çərçivəsində quraşdırılacaq sonuncu üst modullar texnoloji emal, kompressor, suvurma və texniki təchizat platformasının (TTKSTT) modullarıdır. Həmin üst modulların inşası təxminən 98% tamamlanıb və bu üst modulların dənizdə quraşdırılması 2007-ci ilin sentyabr ayında QTTY platformasının üst modullarının dənizdə quraşdırılması tam başa çatandan sonraya planlaşdırılır.

BP-nin iri layihələr üzrə vitse-prezidenti Bryus Luberski bildirib ki: "Bu nailiyyət bu ilki son dərəcə sıx iş planımızın yerinə yetirilməsi istiqamətində atılmış mühüm bir addımdır. Biz artıq borudüzən barjın əsaslı təmirini, Dərinsulu Günəşli yatağında Faza-3 layihəsi çərçivəsində şimal və cənub sualtı manifoldlarının və texnoloji emal, kompressor, suvurma və texniki təchizat platformasının dayaq blokunun quraşdırılmasını tamamlamışıq".

Xəbər lenti

Xəbər lenti