...

Gürcüstanda dizel yanacağı qiymətlərinin artacağı gözlənilir

Energetika Materials 31 İyul 2007 13:38 (UTC +04:00)
Gürcüstanda dizel yanacağı qiymətlərinin artacağı gözlənilir

Gürcüstan, Tbilisi /müx. Trend N.Kirtsxalia/ Yaxın vaxtlarda Gürcüstanda dizel yanacağının qiyməti daha 0,05 - 0,08 lari (1 litr üçün) artacaq. Bu barədə Gürcüstanın neft məhsullarının istehsalçıları, idxalçıları və istehlakçıları İttifaqının idarə heyətinin sədri Vano Mtvralaşvili məlumat verib.

Onun sözlərinə görə, dünya bazarında dizel yanacağının qiyməti xeyli artıb və bu, Gürcüstana da neqativ təsir göstərəcək.

"Dünya bazarında bir ton dizel yanacağının qiyməti 650 dollardır. Bu, öncəki 20 gün ərzində qeydə alınan qiymətdən 50-70 dollar artıqdır. Buna görə də güman ki, yaxın vaxtlarda Gürcüstanda dizel yanacağının bir litri daha 0,05 - 0,08 lari artacaq" - deyə Mtvralaşvili qeyd edib.

Hazırda Azərbaycan və Türkmənistandan idxal olunan dizel yanacağının bir litrinin Gürcüstanın pərakəndə satış şəbəkəsindəki qiyməti 1,30-1,35 laridir. Avropadan idxal olunan bir litr dizel yanacığının qiyməti isə 1,50 - 1,55 laridir.

Bununla yanaşı Mtvralaşvili hesab edir ki, Gürcüstanda benzinin qiymətləri dəyişməyəcək və əvvəlki kimi qalacaq.

"Yaxın zamanlarda Gürcüstanın ticarət şəbəkəsində benzinin qiymətləri artmayacaq. Səbəb odur ki, son həftə ərzində dünya bazarında benzinin qiyməti xeyli aşağı düşüb" - deyə Mtvralaşvili bildirib.

İttifaq sədri qeyd edib ki, benzinin bir tonunun qiyməti 700 dollar təşkil edir. Bu, ötən həftə qeydə alınan göstəricidən 30-50 dollar aşağıdır. Azərbaycandan idxal olunan A92 markalı benzinin bir litri Gürcüstanın pərakəndə satış şəbəkəsində 1,45 - 1,50 lariyə, Avropadan idxal olunan benzinin qiyməti isə 1,55 lariyə satılır.

Xəbər lenti

Xəbər lenti