Bakı.Trend:
İyundan etibarən Azərbaycanda interçeync (interchange) dərəcəsinin azaldılması barədə qərar qüvvəyə minəcək.
Trend-in müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı sədrinin müavini Vüsal Xəlilov Bakıda keçirilən Beynəlxalq Maliyyə və Bankçılıq Sammitində bildirib.
“Xərclər kontekstində rəqəmsallaşma ilə bağlı məsrəfləri, eləcə də ödənişlər sahəsində, xüsusilə nağdsız hesablaşmalarla bağlı xərcləri qeyd etmək olar. Bu xərclər daha çox banklar, ödəniş təşkilatları və təsərrüfat subyektləri tərəfindən hiss olunsa da, saxtakarlıq riskləri faktiki olaraq hər bir vətəndaşa təsir edir. Bu çağırışlarla əlaqədar Azərbaycan Mərkəzi Bankı bazar iştirakçıları ilə birlikdə ciddi addımlar atır. Onlardan bəzilərini qeyd etmək istərdim. İlk növbədə, biz xərclərin optimallaşdırılması məsələsi üzrə beynəlxalq kart təşkilatları ilə intensiv danışıqlar aparırıq”, – deyə o bildirib.
Onun sözlərinə görə, məqsəd ekvayerlər və emitentlər üçün daha optimallaşdırılmış tarif siyasətinin tətbiq edilməsidir ki, bu da təsərrüfat subyektlərinin maraqlarına uyğundur.
“Bu çərçivədə Mərkəzi Bank İdarə Heyətinin 18 mart tarixli qərarına əsasən, interçeync dərəcəsinin yuxarı həddi 0,25 faiz bəndi azaldılıb. Bu qərar iyun ayından qüvvəyə minəcək və biz bunun müsbət təsir göstərəcəyini düşünürük”, – deyə V. Xəlilov qeyd edib.
