...

COP29 çərçivəsində bilik mübadiləsinin artırılması üzrə yüksək səviyyəli dialoq keçirilib (ƏLAVƏ EDİLİB)

Yaşıl iqtisadiyyat Materials 21 Noyabr 2024 13:55 (UTC +04:00)
COP29 çərçivəsində bilik mübadiləsinin artırılması üzrə yüksək səviyyəli dialoq keçirilib (ƏLAVƏ EDİLİB)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində "Rio Trio təşəbbüsünün (Kolumbiya, Azərbaycan, Səudiyyə Ərəbistanı) "Dayanıqlı ekosistemlər üçün konvensiyalar arasında bilik mübadiləsinin artırılması" mövzusunda yüksək səviyyəli dialoq keçirilib.

Trend xəbər verir ki, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva tədbirdə çıxış edərək bildirib ki, "Rio Trio" təşəbbüsü kollektiv fəaliyyətin rəmzidir.

"İlk növbədə, "Rio Trio" təşəbbüsünə möhkəm sadiqliyinə görə təşkilatçı tərəfdaşlarımız Kolumbiya və Səudiyyə Ərəbistanına səmimi təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, bu vacib müzakirədəki təcrübəniz və sədaqətiniz üçün hər birinizə minnətdarlığımı ifadə edirəm.

Burada iştirakınız iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi və torpaqların deqradasiyası kimi qarşılıqlı əlaqəli problemləri həll etmək istiqamətində ümumi səylərimizi nümayiş etdirir. "Rio Trio" təşəbbüsü sadəcə bir tərəfdaşlıq deyil, kollektiv fəaliyyətin rəmzidir", – deyə o əlavə edib.

Daha sonra Səudiyyə Ərəbistanının Milli Bitki Örtüyü Mərkəzinin baş direktoru Xaled bin Abdullah Əl-Abdulkader qeyd edib ki, Səudiyyə Ərəbistanı "Rio Trio" Bəyannaməsinin müddəalarının icrasını gücləndirməyə çalışır.

"İqlim əməkdaşlığı çərçivəsində biz qarşılıqlı əlaqəli sistemlərin gücünü bir daha dərk edirik. Bu sistemlər davamlılığı təmin edə və əməkdaşlığı gücləndirə bilər. Necə ki, ekosistemlər harmoniya içində inkişaf edir, eləcə də, bizim tədbirlərimiz əlaqəli olmalıdır ki, maksimum nəticə əldə edək.

BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyası üzrə Tərəflərin 16-cı Konfransına (UNCCD) sədrliyimiz çərçivəsində biz "Rio Trio" təşəbbüsü çərçivəsində zəruri əməkdaşlığı gücləndirmək öhdəliyini qəbul edirik.

Torpaq həm biomüxtəliflik, həm də iqlim fəaliyyəti üçün təməldir. Bizim vəzifəmiz bu əsas resursu dəstəkləyərək, təcili şəkildə yaratmalı olduğumuz sinerjiləri təmin etməkdir. Bu məsuliyyəti qəbul edərək, biz artıq Sinergiyalar üzrə Gündəliyi dəstəkləmək üçün tədbirlər görmüşük", – deyə o vurğulayıb.

Öz növbəsində BƏƏ-nin iqlim dəyişikliyi və ətraf mühit üzrə naziri Amna bint Abdullah Əl-Dahak qeyd edib ki, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) iqlim dəyişikliyi ilə mübarizədə kritik həll yollarını tapmaq üçün məlumatlara əsaslanan yanaşmadan istifadə edir:

"Məlumatlar siyasətin qiymətləndirilməsi və faktlara əsaslanan həllərin hazırlanmasında əsas rol oynayır. Məlumatların analizi irəliləyişi obyektiv şəkildə izləməyə, problemləri müəyyən etməyə, hadisələri proqnozlaşdırmağa və tədbirləri uyğunlaşdırmağa imkan verir.

BƏƏ-də 49 qorunan ərazinin yaradıldığı bir mühitdə, məlumatlar uğurlu həll yollarını müəyyən etmək və effektiv tədbirləri genişləndirmək üçün istifadə olunur. Biz məlumatlara əsaslanan yanaşmadan istifadə edərək, iqlim dəyişikliyi ilə mübarizədə kritik həll yollarını tapırıq.

Məlumat mübadiləsi siyasətin regional xüsusiyyətləri nəzərə alınmaqla, operativ tənzimlənməsinə və idarəetmə səviyyələri arasında sinerjinin əldə olunmasına kömək edir".

BMT Baş katibinin müavini və BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnqer Andersen isə bildirib ki, Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDCs), Milli Adaptasiya Planları (NAPs), Biomüxtəlifliyin Qorunması üzrə Milli Strategiyalar və Fəaliyyət Planları (NBSAPs) və torpaq deqradasiyasının neytrallığı üzrə hesabatlar üçün koordinasiyalı yanaşma vacibdir.

"Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDCs), Milli Adaptasiya Planları (NAPs), Biomüxtəlifliyin Qorunması üzrə Milli Strategiyalar və Fəaliyyət Planları (NBSAPs) və torpaq deqradasiyasının neytrallığı üzrə hesabatlarla bağlı koordinasiyalı yanaşma lazımdır.

Bu işləri təkrar-təkrar eyni insanlar görməməlidir. Söhbət yalnız üç əsas konvensiyadan deyil, ölkələrin imzaladığı çoxsaylı digər konvensiyalardan gedir ki, biz bunu yüksək qiymətləndiririk. UNEP çərçivəsində 17 belə konvensiyamız var. Bunlara "kimyəvi" konvensiyalar – Bazel, Rotterdam, Minamata və Stokholm konvensiyaları daxildir və yaxın zamanda, ümid edirik ki, Plastik Konvensiyası da qəbul ediləcək", - o əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti