Bakı. Trend:
Hər bir iqlim konvensiyasının unikal rolunu nəzərə alan və onların inteqrasiyasını təmin edən məlumat mübadiləsi mexanizmləri hazırlanmalıdır.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində "Rio Trio təşəbbüsünün (Kolumbiya, Azərbaycan, Səudiyyə Ərəbistanı) "Dayanıqlı ekosistemlər üçün konvensiyalar arasında bilik mübadiləsinin artırılması" mövzusunda keçirilən yüksək səviyyəli dialoqda bildirib.
"BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP 29), Bioloji Müxtəliflik Konvensiyasına (CBD COP 16) və BMT-nin Səhralaşma ilə Mübarizə Konvensiyasına (UNCCD COP 16) sədrlik edənlər olaraq anlayırıq ki, qarşılaşdığımız çağırışlar sərhəd tanımır və fənlərarası yanaşma tələb edir.
Uğur qazanmaq üçün izolyasiya olunmuş şəkildə deyil, bütün konvensiyalar üzrə səyləri uyğunlaşdıraraq, ortaq həllər tapmaq lazımdır. Bu, bizi vacib bir suala gətirir: niyə sinerji ümumi missiyamız üçün kritik əhəmiyyət kəsb edir? Bir neçə konvensiya çərçivəsində birgə iş göstərir ki, birləşdirilmiş səylər ayrı-ayrı tədbirlərin cəmindən daha böyük nəticələr verir.
Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC), Milli Adaptasiya Planlarının (NAP) və Biomüxtəlifliyin Qorunması üzrə Milli Strategiya və Fəaliyyət Planlarının inteqrasiyası kimi birləşdirilmiş təşəbbüslər, eyni zamanda, Dayanıqlı İnkişaf Gündəliyinin bir çox məqsədlərinə cavab verən faydalar gətirə bilər.
Belə sinergiyaların yaradılması üçün əsas sahə məlumatların harmonizasiyası və bilik mübadiləsidir. Biz hər bir konvensiyanın unikal rolunu nəzərə alan və onların inteqrasiyasını təmin edən məlumat mübadiləsi mexanizmləri hazırlamalıyıq.
Bu platforma iqlim dəyişikliyi, biomüxtəliflik və torpaqların bərpası sahəsində irəliləyişləri izləmək üçün aydın və razılaşdırılmış göstəriciləri əhatə etməlidir. Konvensiyalar arasında yanaşmaları harmonizasiya etməklə təkrarçılığın qarşısını ala, hesabat proseslərini sadələşdirə və səylərimizi qarşılıqlı şəkildə dəstəkləyə bilərik", – deyə o vurğulayıb.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.