Bakı. Trend:
Qərb Qlobal Cənub ölkələri üçün iqlim maliyyələşməsinin vacibliyini dərk etmir.
Trend-in məlumatına görə, bunu Afrika Danışıqlar Qrupunun kommunikasiya şöbəsinin rəhbəri Bernard Mvinzi COP29 çərçivəsində jurnalistlərə deyib.
"Biz Qlobal Cənub ölkələrinin maraqlarını fəal şəkildə müdafiə edirik və əsas prioritetimiz iqlim uyğunlaşmasının maliyyələşdirilməsi məsələsidir. İqlim böhranına effektiv cavab vermək üçün ən azı 3 trilyon dollar tələb olunacaq.
Dünən bizim qrup 250 milyard dollar məbləğində təklif edilən vəsaitdən məyusluğunu bildirən bəyanat yayıb. Bu, yalnız yetərsiz deyil, hətta 2009-cu ildə verilən öhdəliklərdən də azdır. Ümid edirik ki, bu danışıqların sonunda Şimal ölkələri inkişaf etməkdə olan ölkələrin vəziyyətinin ciddiliyini dərk edəcək və xüsusilə iqlim maliyyələşməsi sahəsində birgə fəaliyyətin vacibliyini anlayacaqlar", - deyə o bildirib.
Bernard Mvinzi vurğulayıb ki, Qərb çox vaxt bu maliyyələşməni ümumi qlobal fayda üçün zəruri bir tədbir olaraq deyil, xeyriyyəçilik kimi qəbul edir.
"Onlar iqlim böhranının yalnız inkişaf etməkdə olan ölkələrə deyil, həm də öz cəmiyyətlərinə təsir etdiyini dərk etmirlər. Yetərli maliyyələşmə olmadan inkişaf etməkdə olan ölkələr effektiv şəkildə uyğunlaşa bilməz və bu, qaçılmaz olaraq hamıya təsir edəcək.
Əsas problem isə danışıqlarda iştirak edənlərin çoxunun vəziyyətin təcililiyini anlamamasıdır. Bəzi iştirakçılar hazırda iqlim dəyişikliyinin təsirləri ilə birbaşa üzləşmirlər, buna görə də böhranın miqyasını başa düşmürlər. Lakin iqlim böhranı qlobal bir problemdir.
Uyğunlaşma və maliyyələşmə məsələlərini təxirə salmaq olmaz. Qlobal Cənub ölkələri artıq bu nəticələrdən əziyyət çəkirlər və yaxın illərdə digər regionlar da eyni çətinlikləri hiss edəcəklər", - o əlavə edib.