...

Türkiyə şirkətləri Azərbaycanın rabitə sahəsinə sərmayə yatırmaq niyyətindədir

Telekommunikasiya Materials 22 Aprel 2008 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel / Trend / Türkiyə şirkətləri Azərbaycanın rabitə sahəsilə maraqlanır və bu sahəyə sərmayə yatırmaq niyyətindədir. Bu fikirləri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xülusi Qılıc Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ilə görüşündə bildirib.

Onlar elektron imza, süni peyklərin buraxılması, transmilli fibrooptik magistralın tikintisi, telesəhiyyə və proqram təminatı istiqamətində maraqlarını bildiriblər.

Səfir Avropa, Türkiyə, Qafqaz və Mərkəzi Asiyanı birləşdirən, regionda İKT sahəsində koordinatora çevrilmiş Azərbaycanın vacib rolunu qeyd edib. Onun fikrincə, informasiya-kommunikasiya infrastrukturunun inkişafı nəticəsində Azərbaycan Avropa və Asiya arasında informasiya körpüsü rolunu oynaya bilər.

Səfir 20 ölkəni əhatə edəcək transmilli fibrooptik kabel magistralının tikintisi üzrə Azərbaycanın irəli sürdüyü təşəbbüsə də toxunub. Bu magistralın həyata keçirilməsi zamanı regionda informasiya çatışmazlığı aradan qaldırılacaq. Onun sözlərinə görə, Türkiyə bu məsələ üzrə bütövlükdə Azərbaycanın təşəbbüsünü dəstəkləyəcək. Qılıc həmçinin ölkəsinin bu layihə ilə bağlı regionun digər ölkələri ilə də lazımi danışıqlar aparmaq niyyətində olduğunu bəyan edib.

Xəbər lenti

Xəbər lenti