...

Azərbaycanın ilk kosmik peykinin buraxılış müddəti müəyyən olunub

Telekommunikasiya Materials 19 Yanvar 2010 14:50 (UTC +04:00)
Azərbaycanın ilk milli kosmik telekommunikasiya peykinin (Azerspace) buraxılması üzrə müqavilə yanvarın sonuna kimi imzalanacaq. Bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Əhmədov Nazirlər Kabinetinin 2009-cu ildə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında deyib.

Azərbaycan, Bakı, 19 yanvar / Trend , müxbir H.Vəliyev/

Azərbaycanın ilk milli kosmik telekommunikasiya peykinin (Azerspace) buraxılması üzrə müqavilə yanvarın sonuna kimi imzalanacaq. Bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Əhmədov bazar ertəsi Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2009-cu ildə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında deyib.

Peykin istehsalçısı ABŞ-ın "Orbital" şirkəti olacaq.

"Yanvarın sonuna kimi orbital mövqenin kirayəsi üzrə müqavilənin imzalanması gözlənilir, fevralda isə istehsalçı ilə müqavilə imzalanacaq. Plana əsasən, birinci peykin orbitə buraxılması 2012-ci ilin iyununda gözlənilir", - nazir deyib.

Nazirliyin məlumatına əsasən, peykin dəyəri 163 milyon manat təşkil edir. Peykin inşasına təxminən 87 milyon manat, onun orbita çıxarılmasına 40 milyon manat, peykin idarəedilməsi mərkəzinə 16 milyon manat, qalan 18 milyon manat isə peykin 100 faizlik sığortasına sərf ediləcək.

Peykin istismar müddəti 15 il təşkil edir, layihənin xərci peykin buraxılmasından etibarən beş il ərzində çıxarılacaq. Azərbaycan peykin resurslarının 25 faizini istifadə etmək niyyətindədir, qalan hissə isə digər ölkələrin operatorlarına təklif ediləcək.

Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) artıq peykin buraxılması üzrə Azərbaycan üçün üç orbit mövqeyi təqdim edib. Onlardan ikisi lokal, biri beynəlxalq mövqedir.

Rabitə peykinin orbitə çıxarılması Azərbaycanın kosmik sənayesi olan ölkəyə çevrilməsi üzrə layihələrin həyata keçirilməsində ilk addım olacaq.

Milli peykin mövcudluğu ölkəyə keyfiyyətli, etibarlı rabitə və teleyayım qurmağa, həmçinin rabitə kanallarının sayını artırmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti